
Bakı. Trend:
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional
Məşğulluq filialının birgə təşkilatçılığı ilə Laçında
işəgötürənlərlə görüş keçirilib.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, Laçın rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Məşğulluq
Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ramal Quluzadə və
Hasil Abbasov, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən
işəgötürənlərin iştirakı ilə keçən görüş həmin ərazilərdə məşğulluq
imkanlarının artırılması, sahibkarlarla əməkdaşlığın
gücləndirilməsi məsələlərinin müzakirəsinə həsr edilib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə işəgötürənlərlə
əməkdaşlıq şəraitində əhalinin məşğulluq təminatı üçün aparılan
işlərdən bəhs olunub. Dövlət Məşğulluq Agentliyinin fəaliyyət
sahələri, məşğulluq proqramları və sahibkarlara təqdim olunan
dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, sakinlərin işlə təminatı ilə yanaşı, onların əmək
bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb
edilməsi, özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarının
qurulması da əsas tədbirlərdəndir.
Görüşdə işəgötürənlərin sualları cavablandırılıb, görüləcək
birgə işlər müzakirə olunub, işəgötürənlərin təklifləri
dinlənilib.


