Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı AÇIQLANDI

Baş səhifə

Bakı. Trend:

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə
bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən
Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə
məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib.

Trend xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar
Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq
məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi
üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə
heyətini, dövlət ittihamını müdafiə edən prokurorları,
tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə
nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.




Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),
112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113
(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və
adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,
116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,
120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,
29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri
ilə ittiham olunur.

Trend
xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə
təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində
başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.