
Bakı. Trend:
Məlumatın etibarlılığı bu gün çox vaxt ölkələrin və media
qurumlarının bir-biri ilə nə dərəcədə səmərəli əməkdaşlıq etməsi
ilə müəyyən olunur.
Trend xəbər verir
ki, bunu “Özbəkistan 24” Yaradıcı Birliyinin direktor müavini,
“Özbəkistan 24” tele-radio kanalının baş prodüseri Xaydar Xasanov
“Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II
Azərbaycan-Özbəkistan mediaforumunda deyib.
“Azərbaycan və Özbəkistan artıq siyasi hadisələrin obyektiv
işıqlandırılmasını təmin etmək və auditoriyanın xəbərlərə olan
etimadını artırmaq üçün media əlaqələrini gücləndirirlər”, – deyə o
qeyd edib.
Onun sözlərinə görə, bir sıra ciddi çağırışlar mövcuddur.
Həsənov pandemiya dövründən statistika gətirib: “”National Library
of Medicine”in məlumatına görə, 2020-ci ildə COVID-19-la bağlı
təxminən bir milyon saxta material qeydə alınıb. Sosial
şəbəkələrdəki geniş seçməli paylaşımlar arasında bu tip məlumatlar
bir il ərzində ümumilikdə 2,35 milyondan çox təkrar paylaşım
toplayıb”.
“Bu rəqəmlər “infodemiya”nın miqyasını açıq şəkildə göstərir.
Müasir şəraitdə xəbər xidmətləri və redaksiyalar üçün aydın etik
meyarlar, həmçinin media mühitində vahid oyun qaydaları xüsusi
əhəmiyyət kəsb edir”, – deyə o bildirib.
Xasanov həmçinin bunları əlavə edib: “Gələcək üçün effektiv
model ikitərəfli faktların yoxlanılmasını, razılaşdırılmış
formulyarları, ilkin materialların mübadiləsini və vahid redaktə
standartlarını əhatə etməlidir. Belə yanaşma təhrif risklərini
azaldır və hər iki ölkənin auditoriyası üçün bütöv mənzərə
yaradır”.

