Azərbaycan və Özbəkistan liderləri ikitərəfli münasibətlərə yeni dinamika gətiriblər – Səfir

Baş səhifə

Bakı. Trend:

Dövlət başçılarımız – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və
Azərbaycan Prezidenti İlham Əliyev – ikitərəfli münasibətlərə yeni
dinamika gətirərək siyasət, mədəniyyət, təhsil və media daxil
olmaqla bir çox sahədə birgə fəaliyyət imkanları yaradıb.

Trend xəbər verir
ki, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov “Rəqəmsal
transformasiya və media” mövzusunda keçirilən II Azərbaycan
–Özbəkistan Media Forumunda çıxışında deyib.

“Media bu prosesdə əsas rol oynayır. Müasir kütləvi informasiya
vasitələri yalnız cəmiyyəti məlumatlandırmır, həm də etimad
yaradır, xalqlar arasında qarşılıqlı anlayışı və mədəni əlaqələri
gücləndirir. Jurnalistlər, müxbirlər, bloqerlər və media
ekspertləri ölkələr arasında bir növ ‘körpü’ rolunu oynayır,
insanlara bir-birini daha yaxşı anlamağa kömək edir, stereotipləri
dağıdır və əməkdaşlıq üçün yeni üfüqlər açır”,- deyə səfir
vurğulayıb.

Diplomat xatırladıb ki, bir il əvvəl Daşkənddə ilk
Özbəkistan-Azərbaycan Media Forumu keçirilib və onun nəticələri hər
iki ölkənin media strukturları arasında əməkdaşlığın güclənməsinə
xidmət edib: “O zaman birgə təhsil proqramları, media təlimləri və
təcrübə mübadiləsinin təməlləri qoyulub”.