Ədliyyə Nazirliyi daşınmaz əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsaslı rəqəmsal xidmət istifadəyə verib

Baş səhifə

Bakı. Trend:

Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar
çərçivəsində proseslərin optimallaşdırılması və
rəqəmsallaşdırılması istiqamətində növbəti addım kimi daşınmaz
əmlakın bazar dəyərini müəyyən etməyə imkan verən süni intellekt
dəstəkli yeni əmlak qiymətləndirmə
xidməti
istifadəyə verilib.

Bu rəqəmsal xidmət daşınmaz əmlakın alqı-satqısı zamanı həm
vətəndaşların, həm də notariusların istifadəsi üçün nəzərdə
tutulub. Belə ki, yeni xidmət vasitəsilə alqı-satqı zamanı istər
vətəndaşlar, istərsə də notariuslar mənzil, torpaq sahəsi, yaşayış
və qeyri-yaşayış kateqoriyaları üzrə daşınmaz əmlakın təxmini bazar
qiymətini hesablaya biləcəklər.

Əmlakın əsas xüsusiyyətlərinin daxil edilməsi əsasında sistem
qiymətləndirmə aparır və daim yenilənən real bazar qiymətlərinə
yaxın nəticə hesablayır. Bu isə vətəndaşlara və notariuslara vaxt
itirmədən daşınmaz əmlakın cari vəziyyətinə uyğun ehtimal olunan
qiymət ilə tanış olmağa şərait yaradır.




İstifadə olunan məlumatlar ilk növbədə Elektron Notariat
İnformasiya Sisteminə əsaslanır və əvvəlki illərdə həyata
keçirilmiş əmlak alqı-satqısı əməliyyatlarını əhatə edir. Həmçinin
gündəlik yenilənən bazar qiymətləri nəzərə alınmaqla, daşınmaz
əmlak alqı-satqısı bazarından və açıq mənbələrdə dərc olunan
elanlardan əldə edilmiş məlumatlar emal olunaraq süni intellekt
modelləri vasitəsilə nəticələrə inteqrasiya edilir. Sonda
istifadəçiyə əmlakın ehtimal olunan qiyməti barədə məlumat
verilir.

Xidmətdən yararlanmaq üçün www.notariat.az
ünvanına daxil olaraq “Əmlak qiymətləndirilməsi” səhifəsinə keçid
etmək kifayətdir.

Yeni xidmətin istifadəyə verilməsi daşınmaz əmlak bazarında
şəffaflığın artırılmasına, əmlak alqı-satqısı proseslərinin daha
əlçatan və rahat şəkildə həyata keçirilməsinə, həmçinin müasir
rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə ölkədə innovativ
həllərin inkişafına mühüm töhfə verəcək.