Dünya liderləri Trampın “Qəzza planı”nı dəstəklədilər

Baş səhifə

Bir sıra dünya liderləri və xarici işlər nazirləri ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planını dəstəklədiklərini və anklavda hərbi əməliyyatların dayandırılması üçün əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçıları bununla bağlı mövqelərini açıqlayıblar.

“Biz bütün tərəfləri birləşməyə və bu təklifi həyata keçirmək üçün ABŞ administrasiyası ilə işləməyə çağırırıq”, – Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib.

O hesab edir ki, Fələstinin HƏMAS hərəkatı ABŞ-ın planını qəbul etməli, silahlarını yerə qoymalı və qalan girovları azad etməlidir.

Keir Starmer qeyd edib ki, Böyük Britaniya “fələstinlilərin və israillilərin təhlükəsizlik şəraitində yan-yana yaşaya biləcəyi davamlı sülhü təmin etmək” üçün tərəfdaşları ilə işləməyə hazırdır.

İtaliyanın baş naziri Giorgia Meloni də ABŞ-ın təklifini alqışlayıb və bildirib ki, bu, “döyüşlərin daimi dayandırılmasına, bütün girovların dərhal azad edilməsinə və mülki şəxslərin tam və təhlükəsiz humanitar yardıma çıxışına imkan verən dönüş nöqtəsi ola bilər”.

Fransa prezidenti Emmanuel Makron X sosial media platformasında “İsrailin bu əsasda qəti addım atacağını” gözlədiyini bildirib.

“HƏMAS-ın bütün girovları dərhal azad edib bu plana əməl etməkdən başqa çarəsi yoxdur”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Trampın Qəzzada atəşkəs əldə etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

“Mən ABŞ Prezidenti Donald Trampın Qəzzada axan qanı dayandırmaq və atəşkəsə nail olmaq üçün göstərdiyi səyləri təqdir edirəm”, – Ərdoğan X sosial media hesabında yazıb.

O əlavə edib ki, Türkiyə diplomatik prosesi dəstəkləməyə davam edəcək və “bütün tərəflər üçün məqbul ədalətli və davamlı sülhün” təşviqinə sadiqdir.

Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, İndoneziya, Pakistan, Türkiyə, Qətər və Misirin xarici işlər nazirləri birgə bəyanat yayaraq, Trampın sülhə gedən yol tapmaq qabiliyyətinə əmin olduqlarını təsdiqləyiblər.

“Nazirlər sazişi yekunlaşdırmaq və onun region xalqları üçün sülh, təhlükəsizlik və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsini təmin etmək üçün Birləşmiş Ştatlar və tərəflərlə müsbət və konstruktiv fəaliyyətə sadiq olduqlarını bir daha təsdiqləyirlər”, – birgə bəyanatda deyilir.