Bakıda iqlim qanunvericiliyi və institutlarının gücləndirilməsi müzakirə olunub

Baş səhifə
Digər

  • 30 sentyabr, 2025
  • 09:29
Bakıda iqlim qanunvericiliyi və institutlarının gücləndirilməsi müzakirə olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim qanunvericiliyi və institutlarının gücləndirilməsi üzrə yüksək səviyyəli parlament dəyirmi masa”sı keçirilib.

“Report” xəbər verir ki, tədbir Bakı İqlim Fəaliyyəti Həftəsinin təşkilatçıları və BMT İqlim Dəyişmələri Çərçivə Konvensiyasının (UNFCCC) qeyri-rəsmi parlament qrupunun əlaqələndiricisi olan GLOBE Qanunvericiləri təşkilatı tərəfindən təşkil olunub.

Dəyirmi masada Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin deputatları, ekspertlər, özəl sektor nümayəndələri iştirak edib. İştirakçılar alimlər, özəl sektor, vətəndaş cəmiyyəti və akademiya kimi əsas tərəfdaşlarla əməkdaşlıq şəraitində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) – yeni mərhələsini necə formalaşdıra biləcəyi, güclü karbon bazarlarının necə qurula biləcəyi və ədalətli, dayanıqlı sıfır emissiyaya keçid üçün müvafiq mühitin yaradılaması ətrafında müzakirələr aparıblar.

Dəyirmi masada GLOBE-un “6-cı Maddə və Karbon Bazarları üzrə Parlament Bələdçisi”nin Azərbaycan dilində nəşrinin təqdimatı olub. Bu nəşr COP30 zamanı Braziliyanın Belém şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə konvensiyasının (UNFCCC) Paris sazişinin 6-cı Maddəsi üzrə Dialoquna hazırlıq məqsədilə təqdim edilib.

Müzakirələr zamanı iqlim qanunvericiliyi sahəsində təcrübələr təqdim edilib, müstəqil məsləhətçi şuraların rolu araşdırılıb və milli iqlim planlarının həyata keçirilməsində özəl sektorun artan rolu vurğulanıb.

Qeyd edilib ki, qlobal orta temperaturun cari trendlərlə hələ də artacağı proqnozlaşdırıldığı bir zamanda, qanunvericilik fəaliyyəti, hökumətə nəzarət və ictimai konsensusun səfərbər edilməsindəki rolu vacibdir.