Bakı. Trend:
Bir sıra dünya liderləri və xarici işlər nazirləri ABŞ
prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması
üzrə sülh planını dəstəklədiklərini bildiriblər.
Trend-in məlumatına görə, onlar anklavda hərbi əməliyyatların
dayandırılması üçün əməkdaşlığa hazır olduqlarını bəyan
ediblər.
“Biz bütün tərəfləri bu təklifi yekunlaşdırmaq və həyata
keçirmək üçün ABŞ administrasiyası ilə birləşməyə və əməkdaşlıq
etməyə çağırırıq”, – deyə Böyük Britaniyanın baş naziri Kir Starmer
bildirib.
Onun fikrincə, Fələstinin “HƏMAS” hərəkatı ABŞ-nin planını qəbul
etməli, silahlarını yerə qoymalı və qalan girovları azad
etməlidir.
O qeyd edib ki, Böyük Britaniya öz tərəfdaşları ilə
“fələstinlilərin və israillilərin təhlükəsizlik şəraitində yan-yana
yaşaya biləcəkləri davamlı sülhü təmin etmək” üçün işləməyə
hazırdır.
İtaliyanın baş naziri Ciorcia Meloni də ABŞ-nin təklifini
alqışlayıb və deyib ki, bu, “döyüş əməliyyatlarının daimi
dayandırılması, bütün girovların dərhal azad edilməsi və mülki
şəxslərin humanitar yardıma tam və təhlükəsiz çıxışını təmin etmək
üçün dönüş nöqtəsi ola bilər”.
Bu arada Fransa prezidenti Emmanuel Makron “X” sosial
şəbəkəsində “İsraildən bu əsasda qəti addım” gözlədiyini
bildirib.

