“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 29
sentyabr 2025-ci il tarixində Almaniyanın Frankfurt şəhərində start
götürən “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak
edir.

Bu il keçirilən konfrans “Qlobal maliyyə sektorunun növbəti
sərhədləri” mövzusuna həsr olunub. Konfrans ödənişlər və qiymətli
kağızların rəqəmsal transformasiyası, maliyyə imkanlarının
genişləndirilməsi, maliyyə cinayətləri ilə bağlı hüquqi tədbirlərin
gücləndirilməsini, kibertəhlükəsizliyi, tənzimləyici
dəyişiklikləri, həmçinin süni intellekt, kvant texnologiyaları və
paylanmış reyestr texnologiyası (DLT) kimi həllərin rolunu
araşdırır.

Yüzlərlə ixtisaslaşmış spiker maliyyə ekosistemində baş verən
çevik dəyişiklikləri və bu proseslərə uyğunlaşmaq üçün daha geniş
şəbəkələşmə, inteqrasiya və dayanıqlılıq imkanlarını inkişaf
etdirməyin yollarını müzakirə edir.

“PAŞA Bank”ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı
Murad Süleymanovun sözlərinə görə, bu mötəbər tədbir “PAŞA Bank”
üçün həmçinin də beynəlxalq əməkdaşlıqların davamlılığı, inkişafı
və qurulması baxımından unikal bir platformadır.




“Hər il bu konfransda iştirak etməklə biz beynəlxalq əməkdaşlıq
şəbəkəmizi genişləndirir, aparıcı maliyyə institutları ilə yeni
tərəfdaşlıqlar qururuq, yeni imkanları, hədəfləri
müəyyənləşdiririk, təcrübələrimizi bölüşürük, yeni təcrübələri və
innovativ həlləri öyrənirik. Bu isə bizə müasir təcrübələri və yeni
imkanları Azərbaycan bazarında tətbiq edərək müştərilərimizin
biznes ehtiyaclarına uyğun daha çevik və effektiv həllər təqdim
etməyə imkan verir,” – deyə, M. Süleymanov bildirib.

Qeyd edək ki, 2 oktyabra qədər davam edəcək “SIBOS 2025” tədbiri
dünyanın aparıcı maliyyə institutlarını, fintex şirkətlərini,
texnologiya təminatçılarını, investorları, tənzimləyiciləri və
500-dən çox müstəqil eksperti bir araya gətirərək məhsuldar
müzakirə və əməkdaşlıq imkanları yaradır.