Gizir və miçmanlar üçün həqiqi hərbi xidmət müddəti artırılır

Baş səhifə

Bakı. Trend:

Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti
artırılır.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə
olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlarda
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin
və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununun müvafiq olaraq, qüvvədə olan 12-ci
maddəsinin “q” bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən,
bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə
olmanın müddəti 5 il müəyyən edilib.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili
müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas
təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların
ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və
bacarıqlarından ölkəmizin müdafiəsində daha uzun müddət istifadə
olunması məqsədilə Layihədə hərbi qulluqçu hazırlayan xüsusi
təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici
ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş
gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma
müddətinin 10 il müəyyən edilməsi təklif edilir.




Adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 26-cı
maddəsinin “v” bəndinə və 36.1.3-cü maddəsində gizirlərin və
miçmanların həqiqi hərbi xidmətinə qəbul olunması mümkün olan
şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də
(zabitlərdən başqa) nəzərdə tutulmuşdur. Layihədə “40 yaşınadək
hərbi vəzifəlilər” ifadəsinin konkretləşdirilərək “hərbi xidmətdə
olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və
miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar,
çavuşlar” ifadəsi ilə əvəz edilməsi təklif edilir.

Bundan başqa, adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan
172-ci və 44.1-ci maddələrində əksini tapan cədvəllərdə əsgərlər,
matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın
son yaş hədləri eyni sətirdə müəyyən edilmişdir. Həmin maddələrdə
əks olunan cədvəllərə dəyişiklik edilərək gizir və miçmanlar üçün
ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi,
birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda
olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və
miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və
miçmanlar üçün isə 55 yaş olması təklif edilir.

Adıçəkilən qanunların müvafiq olaraq, 175-ci və 45.2-ci
maddələrində ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim
toplanışlarına çağırılması müddətləri nəzərdə tutulmuşdur. Təklif
edilən dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hərbi
vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim
toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq
icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi
vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim
toplanışlarına çağırılması təklif edilir.

Yuxarıda qeyd olunanlarla yanaşı layihədə bir sıra texniki
xarakterli dəyişikliklər də nəzərdə tutulub.