
Bakı. Trend:
Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox
investisiya cəlb edib.
Trend xəbər verir
ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov “PASHA
Holding” tərəfindən Bakıda təşkil olunmuş “INMerge Innovation
Summit” zirvə toplantısında deyib.
“Azərbaycanın müasir iqtisadi siyasətinin əsasını şaxələndirmə
təşkil edir — neft və qazdan asılılığın azaldılması ilə yanaşı,
qeyri-neft sektorunun dinamik və dayanıqlı inkişafının təşviq
olunması. Son iki onillikdə bu strategiya 344 milyard ABŞ
dollarından çox investisiya cəlb edib ki, bunun da 210 milyardından
çoxu qeyri-neft sektoruna yönəldilib”,- deyə o bildirib.
Nazirin sözlərinə görə, 2021–2024-cü illər ərzində qeyri-neft
sektoru orta hesabla illik 6,7% genişlənərək milli iqtisadiyyatdakı
payını artırıb. Təkcə son altı ildə qeyri-neft ixracının az qala
iki dəfə artması Azərbaycanın qlobal rəqabət qabiliyyətinin
yüksəlməsinin və beynəlxalq dəyər zəncirlərinə inteqrasiyasının
sübutudur.

