Bakı. Trend:
Bakıda “PASHA Holding”in təşkilatçılığı ilə iki günlük “INMerge
Innovation Summit” zirvə toplantısı öz işinə başlayıb.
Trend xəbər verir
ki, sayca beşinci – yubiley sammitin əsas məqsədi Azərbaycanın
innovasiya ekosisteminin inkişafına dəstək göstərmək, startaplarla
investorlar arasında əməkdaşlıq platforması yaratmaq, həmçinin
ekosistemin bütün iştirakçıları arasında təcrübə və bilik
mübadiləsini təmin etməkdir.
Sammit fintex, telekommunikasiya, elektron kommersiya və digər
sahələrdən fikir liderlərini, investorları və novatorları bir araya
gətirəcək. “INMerge” həmçinin tərəfdaşlıqların qurulması,
əməkdaşlığın genişləndirilməsi və regiondakı sənayenin əsas
nümayəndələri ilə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün
strateji bir meydança rolunu oynayır.
2024-cü ildə Bakıda keçirilmiş sammit 5000-dən çox iştirakçı,
100-dən artıq spiker, eləcə də startaplar və investorları bir araya
topladı. 2025-ci il tədbirinə hazırlıq isə daha da iddialı
hədəflərlə başlanılıb.

