Qazax ekspert: TDT qlobal proseslərə töhfə verə bilər

Baş səhifə
Qazax ekspert: TDT qlobal proseslərə töhfə verə bilər

Türk Dövlətləri Təşkilatı (TDT) qlobal qeyri-müəyyənlik dövründə sülh və sabitliyi təmin etməyə xidmət göstərən bir təşkilatdır.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin yanında Strateji Tədqiqatlar İnstitutunun direktoru Zhandos Shaimardanov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransı çərçivəsində “Siyasi-təhlükəsizlik qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri” adlı panel müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qazaxıstan TDT-yə məhz bu prizmadan baxır.

“Bizim ölkə özünü hər zaman dialoq üçün meydan kimi görüb. Hesab edirəm ki, TDT bu kimi missiyaları daha da dərinləşdirə, siyasi təhlükəsizlik və güvənliyi təmin edə bilər. Yəni biz göstərə bilərik ki, qlobal proseslərdə sadəcə müşahidəçi deyilik, prosesə töhfə verə də bilərik”.

Direktor Azərbaycanla Ermənistan arasındakı Vaşinqton görüşünü də şərh edib.

“Bu proses bizim üçün müştərək dəhlizin yaranması ilə yanaşı, sülh və sabitliyin də təminatını verir. Sərhədlər açıldıqca münaqişə və digər neqativ halların ehtimalı azalır. Bizim üçün bu, türk sülh dəhlizi adlana bilər”.