Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audio bələdçi istifadəyə verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə
Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audio bələdçinin
təqdimatı keçirilib.

Trend
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

Bildirilib ki, tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz
Qurbanova, Varşava Muzeyinin direktoru Yan Oldakovski,
Polşa-Azərbaycan parlament qrupunun həmsədri və üzvləri, diplomatik
korpusların nümayəndələri, rəsmi şəxslər, soydaşlarımız, müsəlman
və xristian icmalarının təmsilçiləri, elm və incəsənət adamları,
yerli media iştirak edib.




Çıxışlarda muzeyin fəaliyyətinə və Varşava üsyanının tarixinə
nəzər salınıb. Bildirilib ki, Varşava üsyanı yalnız Polşa tarixində
deyil, bütövlükdə insanlıq tarixində cəsarətin, dözümlülüyün və
sarsılmaz iradənin simvoludur. Bu qəhrəmanlıq salnaməsi sərhədləri,
millətləri və nəsilləri aşan universal bir hekayə olaraq, müxtəlif
dillərdə, o cümlədən Azərbaycan dilində danışılmağa və eşidilməyə
layiqdir.

Qeyd olunub ki, audio bələdçi mədəniyyətlər arasında körpü
rolunu oynayaraq qarşılıqlı anlayış və həmrəyliyi təşviq edən bir
vasitə sayıla bilər.

Muzeydə bundan sonra ingilis, fransız, yunan, ispan, alman,
slovak, Ukrayna və italyan dilləri ilə yanaşı Azərbaycan dilində də
audio bələdçinin olması müsbət hal kimi qiymətləndirilib.