Hesablama Palatası Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il İş
Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Su
Ehtiyatları Agentliyi və tabeli qurumları üzrə dövlət vəsaitlərinin
və digər dövlət əmlakının istifadə və idarə olunmasına dair
uyğunluq auditi aparılıb. Audit zamanı məlum olub ki, agentlik və
tabeli qurumlar tərəfindən büdcə və qeyri-büdcə vəsaiti hesabına
62,6 milyon manat xərclənib.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, büdcə və büdcədənkənar xərclərin
düzgün proqnozlaşdırılmadığı, 2023-cü ildə ödənişlərin bir neçə
halda təyinatının dəyişdirildiyi müəyyən edilib. 2023 və 2024-cü
illərdə bəzi işçilərə artıq əməkhaqqı ödənilib, amma bu vəsait
audit dövründə büdcəyə qaytarılıb.

Audit zamanı həmçinin Agentliyin balansındakı nasos
stansiyalarına quraşdırılan avadanlıqların faktiki olaraq digər
stansiyalarda olduğu, bəzi əsas vəsaitlərin yararsız vəziyyətdə
olduğu və subartezian nasoslarının balansdan silindiyi, lakin sonra
balansda qeyd edildiyi müəyyən edilib.

İçməli su anbarlarında və təmizləyici qurğularda sayğacların
nasaz və ya ümumiyyətlə olmaması səbəbindən 1 066 288 m³ içməli
suyun qeydiyyata alınmadığı aşkar edilib. Eyni zamanda, su elektrik
stansiyalarına verilən suyun həcminin ölçülmədiyi və elektrik
enerjisinin istehsalı üçün ödənmədiyi də müəyyən olunub.




Suvarma sistemlərində ölçü cihazlarının və nəzarət sistemlərinin
olmaması, bəzi ərazilərdə tikintisi yarımçıq qalmış su təmizləyici
qurğulardan istifadə edilməsi və abonentlərdən vəsait toplanması
faktları da qeyd edilib. 2023 və 2024-cü illərdə suvarma suyu üzrə
itkilərin rəsmi məlumatlardan daha yüksək olduğu müəyyən
olunub.

Audit zamanı yararsız texnika və avadanlıqların utilizasiyası
həyata keçirilib və həmin vəsait büdcəyə qaytarılıb. Bununla
yanaşı, Agentlik tərəfindən iri su tutarları və hövzələr istisna
olmaqla, digər meliorasiya və irriqasiya sistemlərinin
pasportlaşdırılmadığı da aşkar edilib.

Dövlət satınalmaları ilə bağlı qanunvericiliyə bir sıra hallarda
riayət edilmədiyi, müqavilələrin düzgün icra edilmədiyi, ödənilmiş
vəsaitin bir hissəsinin avadanlığın çatışmazlığı səbəbindən geri
qaytarıldığı müəyyən edilib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini nəzərə
alaraq Agentlikdə nöqsanların aradan qaldırılması, artıq xərclərin
vəsaitinin bərpası, texnika və avadanlıqların balansda düzgün
qeydiyyatı və digər tədbirlərin görülməsi barədə qərar qəbul edib.
Aşkar edilmiş məsələlərlə bağlı aidiyyəti qurumlara məlumat
göndərilib.