Prezident İlham Əliyevin BMT-dəki çıxışı bəşəriyyət üçün sülh, ədalət və tərəqqi formuludur

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 sentyabr
2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci
sessiyasındakı çıxışı zamanı beynəlxalq ictimaiyyəti sülhə, ədalətə
və tərəqqiyə səslədi, qlobal təhlükəsizliklə bağlı mühüm mesajlar
verdi.

Bunu Trend-ə açıqlmasında
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri
polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, dövlət başçısı daha təhlükəsiz dünya
üçün atılması gərəkən addımlara diqqət çəkib:

“Prezident İlham Əliyevin BMT kürsüsündəki çıxışı, bu çıxışda
yer alan fikirlər bütün dünyanın bugünü və gələcəyi baxımından
böyük əhəmiyyətə malikdir. Dövlət başçısı faktiki olaraq bu çıxışı
ilə daha təhlükəsiz, daha ədalətli dünyanı necə, hansı şəkildə inşa
etməyin formulunu təqdim etdi. Prezident İlham Əliyev bildirdi ki,
belə bir dünya yaratmaq üçün öncə ikili standartlardan imtina
edilməli, ədalətin selektiv şəkildə tətbiqindən imtina olunmalıdır.
Çünki bu cür yanaşma insanların ədalətə olan inamına zərbə vurur,
onlarda məyusluq doğurur.




Qeyd edək ki, Azərbaycan uzun müddət Ermənistanın işğalı ilə
yanaşı, həm də ikili standartlardan, ədalətsizlikdən əziyyət çəkib.
30 ilə yaxın müddətdə qlobal güclər, dünyanın aparıcı ölkələri
Azərbaycanın haqq işini əməli şəkildə dəstəkləməyib, təcavüzkarla
təcavüzə məruz qalan arasında fərq qoymayıblar. Məhz bu baxımdan
Azərbaycan ikili standartlara şahid olan, ədalətsizliklə üzləşən
dövlət kimi ədalətli yanaşmanın nə qədər vacib olduğunu, bu
məsələdə selektiv yanaşmaların haqsızlığa məruz qalan xalqlar
tərəfindən necə böyük məyusluq və qəzəb doğurduğunu bilir. Buna
görə də cənab Prezident daha gözəl, daha ədalətli dünya üçün ikili
standartlardan imtinanın həuyati əhəmiyyət kəsb etdiyini bir kəs
daha diqqətə çatdırdı”.

Polkovnik qeyd etdi ki, dövlət başçısının diqqət çəkdiyi
amillərdən biri də sülh faktoru olub:

“Prezident İlham Əliyev bəşəriyyətin firarvanlığı və tərəqqisi
baxımından sülh amilinin son dərəcə həyati önəm kəsb etdiyini
vurğuladı. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, sülh yalnız
sözdə deyil, həm də əməldə olmalıdır. Çünki yalnız bu halda həqiqi
sülhü təmin etmək, onun praktiki nəticələrindən faydalanmaq
mümkündür. Hansı ki, Prezident İlham Əliyevin liderliyi ilə 44
günlük Vətən müharibəsindən sonra Azərbaycan regional sülh uğrunda
ardıcıl səylər, böyük fədakarlıqlar sərgilədi. Bütün bu səylər
2025-ci ilin 8 avqust tarixində ABŞ-da Azərbaycanla Ermənistan
arasında sülh mətninin paraqraflanması ilə nəticələndi. Qeyd edək
ki, Prezident İlham Əliyev sülhə verdiyi dəstəyə görə ABŞ
prezidenti Donald Trampa bir daha təşəkkür etdi, onun əməyini
yüksək qiymətləndirdiyini vurğuladı.

Bir sözlə, Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə
bəşəriyyətin inkişafına yön verdi, dünya dövlətlərinə bir növ
gələcək fəaliyyətlə bağlı dəqiq, aydın yol xəritəsi təqdim etdi.
Dövlət başçısı öz dəmir məntiqi ilə sübut etdi ki, planetimizin
sabahı dünya dövlətlərinin bir-birləri ilə sülh şəraitində
yaşamasından, səmimi əməkdaşlığından asılıdır və Azərbaycan bundan
sonra da bu cür səyləri əməli şəkildə dəstəkləməyə, bəşəriyyətin
rifahına töhfə verməyə hazırdır”.