Bakı beynəlxalq təhlükəsizliyin əsas platformasına çevrilir –

Baş səhifə

Bakı beynəlxalq təhlükəsizlik gündəliyinin mühüm məsələlərinin müzakirə olunduğu mötəbər tədbirə ev sahibliyi edib. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən III Bakı Təhlükəsizlik Forumu 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələrini bir araya gətirib.

“Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusuna həsr olunan forumun açılışında Prezident İlham Əliyevin iştirakçılara müraciəti səsləndirilib, mövzuya dair videomaterial nümayiş olunub. Bu, Bakını həm regional, həm də qlobal təhlükəsizlik üzrə əməkdaşlıq və fikir mübadiləsi üçün unikal platforma kimi təsdiqləyib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın müstəqil daxili və xarici siyasətinin təzahürü olan Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir:

“Bu konfrans son illərdə Azərbaycanın təhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinin göstəricisidir. Bakı həm regional dövlətləri, həm də qlobal güclər arasında etimadın qurulması üçün mühüm görüş yeri rolunu oynayır. Dünyada düzən dəyişir. Ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, separatizm və silah qaçaqmalçılığı təhlükəsizlik sisteminə ciddi təhdid yaradır. Bu konfrans təkcə aktual məsələlərin müzakirəsi üçün deyil, həm də gələcəkdə təhdidlərin koordinasiyalı şəkildə qarşısının alınması üçün mühüm rol oynayacaqdır. Azərbaycanın təşəbbüsü ilə ölkəmiz təkcə diqqət mərkəzi deyil, həm də təhlükəsizlik məsələlərinin əlaqələndirildiyi strateji bir arenaya çevrilib. Koordinasiyalı fəaliyyət çərçivəsində Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, səhiyyə qurumları, humanitar təşkilatlar və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti nəzərdə tutulur. Belə ki, həm kütləvi informasiya vasitələri ilə əhaliyə xəbərdarlıqların göndərilməsi, həm də icmaların özünümüdafiə və ilkin yardım qruplarına hazırlanması, kritik infrastruktur – enerji, su, rabitə şəbəkələri və strateji əhəmiyyətli obyektlərin fasiləsiz işləməsini təmin edəcək mexanizmlərin qurulması əsas hədəflərdəndir”.

Tədbirdə iştirak edən dövlətlərin sayını xüsusi vurğulayan Arzu Nağıyev əlavə edib ki, forumda BMT, humanitar qurumlar, NATO, Avropa strukturları, Türk Dövlətləri Təşkilatı və GUAM kimi tərəfdaşlarla kommunikasiya mexanizmlərinin qurulması nəzərdə tutulur:

“Forumda əsas mesajlardan biri isə budur ki, Azərbaycan yalnız öz təhlükəsizliyini deyil, həm də regional və beynəlxalq sabitliyi gücləndirmək niyyətindədir. Bu istiqamətdə qəbul olunan qərarlar Cənubi Qafqazda sülhün təmin olunmasına, eyni zamanda Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcəkdir. Ümumiyyətlə, Bakı Təhlükəsizlik Forumu mühüm əhəmiyyət kəsb edən platforma olaraq gələcəkdə də davam etdiriləcək. Bu tədbirlər ölkəmizin milli təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, regionda humanitar böhranların qarşısının alınmasına da töhfə verəcəkdir. Bunun da başında Ali Baş Komandanın həyata keçirdiyi islahatlar və müstəqil daxili və xarici siyasət dayanır”.

Təhlükəsizlik forumlarının istənilən ölkədə təşkilini yüksək qiymətləndirən millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu, həmin dövlətin beynəlxalq birlikdə mövqeyindən, ona olan etimaddan və tədbirin miqyası baxımından imkanlarından asılıdır:

“III Bakı Təhlükəsizlik Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunun bariz göstəricisidir. Azərbaycan bu forumu uğurla təşkil etməklə göstərdi ki, beynəlxalq müstəvidə atdığı addımlar yalnız milli maraqlara deyil, eyni zamanda qlobal maraqlara da cavab verir.

Azərbaycanın sülhün, əmin-amanlığın və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi siyasət digər dövlətlər tərəfindən qəbul olunur və dəstəklənir. Bu baxımdan, hətta diplomatik münasibətlər mövcud olmasa belə, Ermənistan xüsusi xidmət orqanının rəhbərinin Bakıya səfəri mühüm bir nümunə kimi qiymətləndirilə bilər. Sözügedən hadisə bir daha təsdiqlədi ki, Azərbaycan beynəlxalq təhlükəsizlik məsələlərində etimad doğuran tərəfdaş kimi çıxış edir”.

Millət vəkili hesab edir ki, forumun təşkili həmçinin beynəlxalq mətbuatın və aparıcı siyasi dairələrin diqqətini bir daha Azərbaycana yönəltdi:

“Azərbaycan beynəlxalq hüququn üstünlüyünü daim ön planda saxlayan, etibarlı müttəfiq və tərəfdaş kimi tanınan dövlətdir. Azərbaycanın həyata keçirdiyi siyasət qlobal miqyasda təhlükəsiz mühitin formalaşdırılmasına xidmət edir və bu istiqamətdə fəaliyyətin davamlı xarakter daşıyacağı şübhəsizdir”, – deyə A.Mirzəzadə fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının
müdafiəsi” mövzusu üzrə dərc olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.