Azərbaycanda hidrogenə keçid imkanlı müasir dəmir istehsalı müəssisəsi qurulacaq

Baş səhifə
Azərbaycanda hidrogenə keçid imkanlı müasir dəmir istehsalı müəssisəsi qurulacaq

Qazaxıstanın “Fonte GreenMet Investments Fund” şirkəti ilə “Daşkəsən Dəmir Filiz” MMC arasında imzalanmış müqaviləyə əsasən, illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (HBI) zavodu Şəmkir rayonunda inşa ediləcək.

“Report” xəbər verir ki, bunu “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru Ceyhun Əliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) 2-ci günündə təşkil olunan brifinqdə deyib.

Onun sözlərinə görə, zavodun 2029-cu ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.

“İstehsal prosesində ən müasir texnologiyalar tətbiq olunacaq və ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi əsas prioritet olacaq. Yeni müəssisə birbaşa reduksiya (DRI – direct reduced iron) texnologiyası ilə fəaliyyət göstərəcək. Bu üsul ənənəvi domna sobaları ilə müqayisədə karbon emissiyalarını 60 %-dək azaldır. Burada kömür əvəzinə təbii qazdan istifadə ediləcək, gələcəkdə isə qazın hidrogenlə əvəzlənməsi imkanı yaradılacaq ki, bu da sıfır karbon emissiyasına keçidi asanlaşdıracaq”, – deyə C. Əliyev vurğulayıb.