Rusiya Federasiyasının “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına səfərə gəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya
Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti
arasında Tədbirlər Planına uyğun olaraq Azərbaycan və Rusiya sərhəd
xidmətlərinin sahil mühafizə qurumlarının sərhəd gözətçi
gəmilərinin qarşılıqlı ziyarət tədbiri çərçivəsində cari ilin 23
sentyabr tarixində Rusiya Federasiyasının Federal Təhlükəsizlik
Xidmətinin Sahil Mühafizəsinin “Rəsul Həmzətov” sərhəd gözətçi
gəmisi Bakı limanına səfərə gəlib.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə
heyətləri tərəfindən Azərbaycan Respublikası ilə Rusiya
Federasiyasının sərhəd mühafizə qurumları arasında keçirilmiş
tədbirlər, Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir
mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri
zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də
sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin
dəqiqləşdirilməsi nəzərdə tutulub.




Səfər müddətində “Sərhədçi” İdman Mərkəzində Azərbaycan və
Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə
yoldaşlıq görüşünün keçirilməsi, qarşılıqlı qaydada tərəflərin
sərhəd gözətçi gəmilərinin ziyarət edilməsi planlaşdırılır.

Mədəni tədbirlər çərçivəsində qonaqların “Heydər Əliyev Mərkəzi”
və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri, həmçinin
Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanışlığı təşkil
ediləcəkdir.