Avtobus və metroda 1 dəfəlik gediş haqqı 15 qəpik ola bilər” – Differensial nəqliyyat

AKTUAL ölkə

Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir – Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tədbiq etməyə başlayır”.

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli paylaşım edib. Ekspert bildirib ki, rəsmi məlumata görə, şəhərlərarası qatar biletlərində öncədən alanda 15% endirim, bank kartı ilə bilet əldə edəndə əlavə daha 3% “cash back” tədbiq ediləcək. Bundan başqa, qatarlara satılan biletlərin sayı az olanda, gün ərzində əlavə qiymət endirimləri olacaq.

N.Cəfərli deyir ki, uzun illərdir ki, biz nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik:

“Avtobus və metroda gediş haqqının çevik və differensianal olması lazımdır. Bizdə, nədənsə, avtobus və metroda gediş haqqı kimi birdəfəlik bilet qiyməti əsas götürülür. Qiymət birdəfəlik istifadə üçün müəyyənləşdirilir. Bu, çox geridəqalmış, mənasız, hətta ziyanlı yanaşmadır”.

Ekspertin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində saatlıq (gün ərzində bir neçə saatlıq da olur), bir neçə günlük, aylıq, 6 aylıq və illik biletlər mövcuddur:

“Birdəfəlik gediş biletləri tədbiq edilmir və nə qədər uzun zamanlı bilet alırsansa, gediş üçün bir o qədər az ödəyirsən. Məsələn, Praqada yerüstü şəhəriçi nəqliyyatın bütün növlərindən istifadə üçün 1 saatlıq bilet qiyməti, təxminən, 1 avrodan bir az çoxdur (təqribən, 1 manat 90 qəpik), yəni 1 saat ərzində sərnişin metro, avtobus, tramvaydan bir neçə dəfə istifadə edə bilər. Amma siz 1 aylıq bütün növ nəqliyyatdan istifadə üçün bilet alsanız 22 avro ödəmiş olacaqsınız (təqribən, 42 manat), əgər 1 illik bilet almaq istəsəniz 145 avro ödəmək lazımdır (təqribən, 275 mant). Yəni, Azərbaycana proyeksiya etsək, gündə 3-4 dəfə nəqliyyatdan istifadə etməyə məcbur olan Bakı sakini, 1 illik bileti günü 75 qəpiyə alacaq ki, bu da bir gedişi 18 qəpik edəcək”.

N.Cəfərli vurğulayıb ki, bu, o demək deyil ki, bizdə də bilet 275 manat olmalıdır, xeyr:

“Praqa sakininin orta aylıq maaşı Bakı sakininin orta aylıq maaşından 2-3 dəfə çoxdur. Bizdə illik bilet 160-170 manat olmalıdır ki, bu da günü 45 qəpiyə, gündə 3 dəfə nəqliyyatdan istifadə etsə, bir gediş haqqı 15 qəpiyə düşəcək. Onu da deyim ki, Praqada 0-6 yaş arası uşaqlara nəqliyyat pulsuzdur, 6-18 yaş arası, tələbələr və təqaüdçülər üçün isə yuxarıda yazdığım qiymətlərə 50% endirim olur”.

“İllərdir dinamik qiymət təklifi ilə çıxış etsək də, metro-avtobus sahəsini idarə edənlər eşitmirlər, görmürlər, tədbiq etmirlər. Ümid edək ki, Dəmir Yollarının tədbiq etdiyi yeni yanaşmadan onlar da dərs çıxarıb geridəqalmış qiymət siyasətlərini dəyişəcəklər”.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir