“Vəhdəti-vücud” günü

Baş səhifə
“Vəhdəti-vücud” günü(RHIM IB sədri Arzu Bagırova yazır)

Nə vaxt ki, torpaqlarımız işğal altında idi, bayramlar əsl bayram dadında deyildi.

Necə ki, suverenliyimizi bərpa etməmişdik, əl-qolumuz bağlı kimi idi.

Nə qədər ki, dövlət-xalq birliyinin təntənəsini yaşamamışdıq, özümüzü sanki qanadı qırılmış sanırdıq…

Təsəvvür edin: Xocalı Soyqırımına uğradığımız il – soyqırımı aktından cəmi bir neçə ay sonra Azərbaycan Respublikasına qarşı sanksiya (ABŞ-ın “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş) tətbiq edilmişdi. – Guya “1992-ci ildə Azərbaycan tərəfindən “Dağlıq Qarabağ”ın “işğalı” və Ermənistana qarşı blokadası” baş veribmiş və sanksiyanın məqsədi bunu dayandırmaq imiş. Blokadada olan bizim Naxçıvan, ərazisi işğal olunan bizim dövlət ikən, işğalçını, blokadanı və soyqırımı həyata keçirən tərəfi “haqlı” çıxarmaq kimi idbar bir sanksiyaya ABŞ Senatı imza atmışdı.

Bunları niyə xatırladıram? Günümüzdən üç on il və ya bir qərinə öncələrə baxarkən, dövlətimizin, xalqımızın necə bir ağır dönəmdən keçdiyini və Xilaskar Şəxsiyyətin böyük xidmətlərini doğru-dürüst dəyərləndirmək üçün…

“Bəli, bu gün Milli Qurtuluş Gününü qeyd edirik. 1993-cü il iyunun 15-i dövlətimizin, xalqımızın taleyində dönüş tarixi oldu. Xalqımız, dövlətimiz təklənməkdən, haqlı ikən haqsız duruma düşməkdən qurtulma yoluna çıxdı. Əlində xəritə və çubuq olan bir pedaqoq kimi beynəlxalq ictimaiyyəti bölgədə baş verənlərlə tanış edən, Azərbaycan həqiqətlərini gur səslə, peşəkarlıqla yayan Ulu Öndər Heydər Əliyev bugünkü uğurlarımızın təməllərini o illərdə atırdı.

Sanki çoxbaşlı əjdaha ilə savaşan dövlətimiz, şəxsən dövlətimizin başçısı qəflət gedişatını dayandırdı, dünyanın gözünü açdı, ölkədə sabitlik yaratdı, xalqın öz dövlətinə inamını bərpa etdi, zəruri islahatlara, köklü quruculuq prosesinə başladı.

Bax, o illərdəki islahatlar, quruculuq bugünkü uğurlarımızın bünövrə daşları idi…

15 İyun – Milli Qurtuluş Günü rəsmiyyət qazandıqdan sonra hər keçən il öz məzmununu doğruldaraq, zənginləşdirərək xalqın dövlətçilik şüurunda öz yerini aldı.

Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il iyunun 15-də qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşa Bəyannaməsini imzaladı. Bu hadisə o qədər gözəllikləri ifadə edir, Qurtuluş Günü mahiyyəti ilə o qədər “vəhdəti-vücud” təşkil edir ki!.. “Biz bir millət, iki dövlətik”, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən ulu öndərlərimizin siyasi-ideoloji formulları Şuşada 15 iyunda taclandırıldı!

Şuşa Bəyannaməsinin imzalanması üçün Şuşa azad olmalı idi;

Şuşanın azad olması üçün bu müqəddəs vəzifəni yerinə yetirə biləcək Ordu qurulmalı idi;

Həmin Orduya əks-hücum əmri verəcək və qələbəyə qəti inanacaq prinsipial, güclü siyasi iradəyə malik Ali Baş Komandan olmalı idi!

Əks-hücum əmri elə zərgər dəqiqliyi ilə verilməli, döyüşlər elə idarə olunmalı idi ki, “o gün bu gün”, “o döyüş bu döyüş” olsun və işğalçılar iti qovan kimi qovulsun!

Oldu! – Olanlar oldu, olmalılar oldu və xalqımız da, beynəlxalq ictimaiyyət də bir daha gördü ki, haqq incələr, üzülməz!

Bu ilsə Milli Qurtuluş Gününü ərazi bütövlüyü, suverenliyi bərpa olunmuş dövlət olaraq bayram edirik! Çox şükür!

Bu günlərə, bu uğurlara asan yetişmədik, qurbanlar verdik, bədəllər ödədik.

Bax, 15 iyun – Milli Qurtuluş Gününü bayram edərkən 1993-cü ilin 15 iyunundan 2024-cü ilin 15 iyununa gələn yolu qədirşünaslıqla və bizi o yola çıxaranlara, bugünkü uğurlara yetişdirənlərə minnətdarlıq etməliyik.

Bayrağımız göy üzündən əskik olmasın!

Mən bu sətirləri qardaş ölkə Türkiyənin Kırşəhərindən Bakıya döndüyüm gün yazıram. Nə gizlədim, çox duyğuluyam: qardaş ölkələrimizin şəhid ailələri ilə birgə “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” dediyimiz silsilə tədbirlərdə olmaq həm çox duyğulu, qürurlu və həm də məsuliyyətli idi. Tanrı utandırmasın!

Elə hesab edirəm, 15 iyunun, Şuşa Bəyannaməsinin – keçilmiş yolun, bu günümüzün və gələcək hədəflərimizin idrakı üçün belə səfərlərin, tədbirlərin də öz yeri, öz dərəcəsi vardır…”.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir