
Bakı.Trend:
Bu ilin ilk rübündə Bakı şəhərində avtobuslarla 120 milyon
sərnişin daşınıb.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.
Bildirilib ki, paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada
növbəti rekord qeydə alınıb. Sərnişin daşımalarının daha səmərəli
təşkili, marşrutların düzgün tənzimlənməsi istiqamətində atılan
addımlar nəticəsində 2026-cı ilin ilk rübü ərzində 120 milyona
yaxın sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə
6,8% və ya 7 651 048 nəfər çoxdur.
Məlumat üçün bildirək ki, 2025-ci ilin sonuna sərnişindaşımada
artım tempi 6,2% olub.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”nda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, geniş
nəqliyyat şəbəkəsinin qurulması, ictimai nəqliyyatdan istifadənin
səmərəliliyinin artırılması və avtobus parkının modernləşdirilməsi
prioritet məsələlər kimi qeyd olunub. Görülən işlərin nəticəsində
hazırda Bakı şəhərində marşrut xətlərində gündəlik 2350-dən çox
avtobus fəaliyyət göstərir. Avtobus parkının mərhələli yenilənməsi
çərçivəsində ötən il ərzində paytaxta 293, cari ilin 3 ayında isə
169 yeni avtobus gətirilərək istismara verilib.
Qeyd edək ki, daşımalarda istidadə olunan avtobusların 82%-i
nağdsız ödəniş sisteminə inteqrasiya olunub.
AYNA sərnişin daşımalarının təhlükəsiz və səmərəli təşkili,
xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini
ardıcıl şəkildə davam etdirir.

