
Bakı. Trend:
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə
Mərkəzi tərəfindən büdcə təşkilatlarının nümayəndələri üçün
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS)
“e-mühasibat” altsistemi üzrə təşkil edilmiş beşgünlük təlimlər
başa çatıb.
Nazirliyin məlumatına əsasən, təlimlərdə ümumilikdə 261 dövlət
qurumu və təşkilatının maliyyə və mühasibatlıq sahəsində çalışan
412 əməkdaşı iştirak edib.
Təlim proqramının əsas məqsədi iştirakçıların “e-mühasibat”
altsisteminin funksional imkanları və istifadə qaydaları barədə
məlumatlandırılması, mühasibat uçotunun elektron qaydada aparılması
üzrə praktiki bacarıqlarının artırılması, eləcə də altsistemin
tətbiqi prosesinə hazırlığın təmin edilməsi olub.
Beş gün ərzində iştirakçılara altsistemdə ilkin qalıqların daxil
edilməsi, ehtiyatların və əsas vəsaitlərin uçotunun aparılması,
anbarlar və struktur bölmələr arasında yerdəyişmə əməliyyatlarının
həyata keçirilməsi, maddi-məsul şəxslər üzrə əməliyyatların idarə
olunması, maliyyə hesabatlarının, o cümlədən birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının tərtibi və təqdim
edilməsi ilə bağlı ətraflı məlumat verilib. Sözügedən proseslər
sistem üzərində praktiki nümunələr əsasında nümayiş etdirilib.
Təlimlər interaktiv formatda keçirilərək iştirakçıların sualları
cavablandırılıb və müvafiq metodiki tövsiyələr təqdim edilib.
Bununla yanaşı, sistemin funksionallığının daha da
təkmilləşdirilməsi məqsədilə iştirakçıların rəy və təklifləri qeydə
alınıb.
Qeyd edilib ki, büdcə təşkilatlarının “e-mühasibat”
altsistemindən səmərəli istifadəsinin təmin edilməsi və
istifadəçilərin praktiki bacarıqlarının daha da artırılması
məqsədilə təlimlər növbəti mərhələdə digər dövlət qurumları və
təşkilatlarının nümayəndələri üçün də davam etdiriləcək.

