Bakı. Trend:
Yəmən husiləri bazar ertəsi gecə yenidən Bab əl-Məndəb boğazı
yaxınlığında, Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin
nəzarətində olan Əl-Moxa liman şəhərinə zərbələr endirdiklərini
bildiriblər.
Bu barədə “Əl-Məsirə” telekanalı məlumat yayıb.
“Yenidən başlayan zərbələr Əl-Moxada Səudiyyə Ərəbistanının
düşmən qüvvələrinin səfərbərlik mərkəzlərini, silah anbarlarını və
əməliyyat qərargahlarını hədəfə alıb”, – deyə məlumatda
bildirilir.
Telekanal bir neçə ballistik raketin və pilotsuz uçuş aparatının
buraxılmasını əks etdirən görüntülər yayımlayıb.
Öz növbəsində, Yəmən hökumətinə tabe olan silahlı qüvvələr X
sosial şəbəkəsində Əl-Moxada hava hücumundan müdafiə sistemlərinin
fəaliyyət göstərdiyini bildiriblər.
“Ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə
etməklə husilərin yeni hücum dalğası Əl-Moxadakı yaşayış
məhəllələrini hədəfə alıb. Hava hücumundan müdafiə sistemləri bir
sıra pilotsuz uçuş aparatlarını ələ keçirə bilib”, – deyə məlumatda
qeyd olunub.

