“Vistar” Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimləri başlayıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan
Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi
Korporasiyası (IAI) və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı
ilə təsis edilmiş “Vistar” Mükəmməllik Mərkəzində üçüncü dalğanın
təlimlərinin başlaması ilə əlaqədar açılış tədbiri keçirilib.

Bu barədə İRİA məlumat yayıb.

Bildirilib ki, tədbirdə İRİA, Azərkosmos, IAI və Holon
Texnologiya İnstitutunun rəhbər nümayəndələri və ekspertləri çıxış
ediblər. Çıxışlar zamanı təlim proqramının iştirakçılara innovativ
ideyalarını inkişaf etdirmək, texnoloji həllər hazırlamaq və onları
kommersiyalaşdırmaq üçün zəruri bilik və bacarıqlar qazandıracağı
bildirilib. Qeyd olunub ki, innovasiya və texnologiya sahəsində
ixtisaslı insan kapitalının formalaşdırılması, gənclərin
sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq təcrübənin
ölkəyə gətirilməsi Azərbaycanın innovasiya ekosisteminin
inkişafında mühüm rol oynayır.

Həmçinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın
sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na
uyğun olaraq ölkədə innovasiya əsaslı iqtisadiyyata keçid
istiqamətində ardıcıl addımların atıldığı, bu kimi proqramların isə
Azərbaycanın texnoloji potensialının gücləndirilməsinə və
rəqabətqabiliyyətli startapların formalaşmasına töhfə verdiyi
vurğulanıb.




Ümumilikdə “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü dalğasına 149
nəfər müraciət edib və onlardan 48 nəfəri müsahibədən uğurla
keçərək təlimlərdə iştirak haqqı qazanıb. Təlim proqramı İT
sahəsində insan kapitalının gücləndirilməsi, erkən mərhələdəki
startapların sistemli şəkildə inkişaf etdirilməsi, süni intellekt
və peyk texnologiyalarının kommersiyalaşdırılması üzrə bilik və
bacarıqların, həmçinin müasir biznes mühitində böyük önəm kəsb edən
“yumşaq bacarıqlar”ın inkişafını hədəfləyir.

Yeddi həftə intensiv davam edəcək təlimlərdə iştirakçılar
İsrailin Holon Texnologiya İnstitutu başda olmaqla, İsrailin bir
sıra aparıcı təhsil mərkəzlərinin mentor və ekspert dəstəyindən
faydalana biləcəklər. Proqramın yekununda iştirakçılar arasından
startaplar formalaşacaq və “Demo Day” tədbirində həmin startaplar
öz layihələrini təqdim edəcəklər.

Qeyd edək ki, “Vistar” Mükəmməllik Mərkəzinin birinci dalğa
təlimlərinə 2025-ci ilin noyabrında start verilmişdir. Təlim
proqramı 2 əsas moduldan ibarətdir: “İnnovasiya və sahibkarlıq” və
”Peyk innovasiyaları və tətbiqləri”. Mərkəzdə indiyədək təlim keçən
iki dalğadan ümumilikdə 62 iştirakçı məzun olub.