
Bakı. Trend:
Bolqarıstan enerji ilə yanaşı başqa istiqamətlərdə də
Azərbaycanla yeni əməkdaşlıq imkanları görür.
Trend
Bolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu
Bolqarıstanın Energetika Naziri Jeço Stankov Sofiyada
Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclasında deyib.
Jeço Stankov və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun
Məmmədovun həmsədrlik etdiyi iclasda ikitərəfli əlaqələrin
dərinləşdirilməsi istiqamətində konkret addımlar müzakirə
olunub.
“Bolqarıstan və Azərbaycan arasında tərəfdaşlıq strateji
əhəmiyyət daşıyır və bu, iqtisadiyyatlarımızın daha rəqabətədavamlı
olmasına imkan verəcək. Geniş mövzu dairəsi və qarşılıqlı faydalı
layihələr birgə fəaliyyətin nəticələrini nümayiş etdirir”,- deyə
Stankov vurğulayıb.
Nazirlər qeyd ediblər ki, iki ölkə arasında artıq onlarla saziş
imzalanıb ki, bu da əməkdaşlığın davamlı inkişafının bariz
göstəricisidir. Tərəflər xüsusilə enerji sektoruna diqqət
yönəldiblər, çünki bu sahə tərəfdaşlığın əsas istiqamətlərindən
biridir. Azərbaycan qazının tədarükü Bolqarıstandakı istehlakın
təxminən üçdə birini təmin edir və regionun enerji
təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır.
Avropanın enerji təchizatında mühüm əhəmiyyət daşıyan Cənub Qaz
Dəhlizi layihəsini ilk dəstəkləyən ölkələrdən biri kimi Bolqarıstan
Xəzər regionundan davamlı enerjinin nəqli və “yaşıl dəhlizlərin”
yaradılması təşəbbüslərində iştirak etməyə hazır olduğunu bir daha
təsdiqləyib.
Stankov qeyd edib ki, Komissiyanın fəaliyyəti iqtisadi
əlaqələrin daha da möhkəmləndirilməsi üçün etibarlı əsas yaradır.
“Əlaqələrimizin əsas elementi enerji sektoru olaraq qalır, lakin
biz əməkdaşlığın möhkəmləndirilməsi üçün digər perspektivli
istiqamətləri də görürük – kənd təsərrüfatı, nəqliyyat, sənaye,
müdafiə sənayesi və digər sahələr”, – deyə o əlavə edib.
İclasın yekununda Komissiyanın həmsədrləri tərəfdaşlığın
dərinləşdirilməsi istiqamətində konkret öhdəlikləri və növbəti
addımları əks etdirən protokol imzalayıblar.
İclasla paralel keçirilən biznes-forum çərçivəsində Bolqarıstan
və Azərbaycandan təxminən 100 şirkət iqtisadi əlaqələrin
genişləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

