
Bakı. Trend:
Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın İran
parlamentində ratifikasiyası İranın mənafeyinə uyğundur.
Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İran
prezidenti Məsud Pezeşkianın jurnalistlərlə təşkil olunan mətbuat
konfransında deyib.
“Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya 2018 və
2019-cu illərdə o vaxtkı hökumət tərəfindən qərarın verilməsi
məqsədilə İran parlamentinə göndərilib. Dörd sahilyanı ölkə
sözügedən konvensiyanı qəbul edib. İranın bu konvensiyanı qəbul
etməsi parlamentin ratifikasiyasından asılıdır”, – deyə o qeyd
edib.
Əraqçi deyib ki, Rusiya kimi ölkələr bu konvensiyanın dərhal
icra olunmasını istəyir.
İranlı nazir bildirib ki, sözügedən konvensiyada dənizdə İranın
payı məsələsi irəli sürülmür. Bu məsələ ikitərəfli və üçtərəfli
formatda müzakirələrə bağlıdır.
Əlavə edək ki, Xəzər dənizinin uzunluğu təxminən 1,2 min km,
maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Dənizin sahil
xəttinin uzunluğu təxminən 6,38 min km-dir. Dənizin ətrafında 5
sahilyanı ölkə – Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və
Rusiya yerləşir.
2018-ci il 12 avqustda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı
ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan)
5-ci sammitində dövlət başçıları tərəfindən Xəzər dənizinin hüquqi
statustu haqqında konvensiya imzalanıb. Konvensiya 4 ölkənin
parlamentində ratifikasiya olunsa da, indiyədək İran parlamentində
ratifikasiya olunmayıb.
Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyada ölkələrin payı
ölkələr arasında ikitərəfli razılaşma çərçivəsində həll olunması
nəzərdə tutulub.

