
Bakı. Trend:
Azərbaycanda dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti
istismar qaydaları təsdiqlənib.
Bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
müvafiq qərar imzalayıb.
Qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmiryol
xəttinin hər iki tərəfində 11 metr məsafəni əhatə
edəcək və burada xüsusi istifadə rejimi tətbiq olunacaq.
Təhlükəsizlik zonasına giriş yalnız xüsusi texniki keçidlər
vasitəsilə mümkün olacaq.
Sənədə görə, təhlükəsizlik zonasında hündürlüyü 2,2
metrdən çox olmayan qoruyucu çəpərlər quraşdırılacaq,
ərazi xəbərdarlıq nişanları ilə təmin ediləcək və 24/7
rejimində işləyən videomüşahidə sistemi ilə nəzarətdə
saxlanılacaq.
Qaydalarda qeyd olunur ki, təhlükəsizlik zonasında dəmiryol
nəqliyyatının normal istismarına mane ola biləcək işlərin
görülməsinə, kənd təsərrüfatı heyvanlarının saxlanılmasına, torpaq
sahələrinin fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsinə,
bostan və tərəvəz becərilməsinə, otlaq kimi istifadəsinə, eləcə də
nəqliyyat təyinatından kənar digər məqsədlər üçün istifadə
olunmasına yol verilməyəcək.
Bundan başqa, təhlükəsizlik zonasında dəmiryol infrastrukturu
ilə bağlı olmayan bina və tikililərin, modul və müvəqqəti
konstruksiyaların yerləşdirilməsi, torpaq qazıntıları, qum, gil və
digər tikinti materiallarının götürülməsi də qadağan edilir.
Qaydalara əsasən, təmir-bərpa işləri aparacaq kənar şəxslər və
nəqliyyat vasitələri təhlükəsizlik zonasına yalnız
“Azərbaycan Dəmir Yolları” QSC-nin razılığı ilə
daxil ola biləcəklər. Bunun üçün kağız və ya elektron formada
müraciət edilməli, təmir işləri, iştirak edəcək şəxslər və
nəqliyyat vasitəsi barədə məlumat təqdim olunmalıdır. Cəmiyyət
müraciətə 1 iş günü ərzində baxaraq razılıq
verəcək və ya imtina barədə müraciət edənə məlumat təqdim
edəcək.

