
Bakı.Trend:
Martın 6-da Baş Prokurorluqda qadın prokurorluq işçilərinin,
dövlət qulluqçularının, veteranların, habelə qonaq qismində dəvət
olunmuş Milli Məclisin qadın deputatlarının və media
nümayəndələrinin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə
həsr olunmuş tədbir keçirilib.
Trend xəbər
verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev
iştirakçıları təbrik edərək onlara fəaliyyətlərində uğurlar, yeni
nailiyyətlər, sağlamlıq və ailə səadəti arzulayıb. O bildirib ki,
Azərbaycan qadını hər zaman cəmiyyətdə layiqli yer tutmuş, dövlət
idarəçiliyində və ictimai həyatda fəal mövqe nümayiş etdirmişdir.
Qeyd olunub ki, qadın hüquqlarının qorunması və onların ictimai
fəallığının artırılması məsələsinə Ümummilli lider Heydər Əliyev
tərəfindən daim xüsusi diqqət göstərilmiş, bu siyasət hazırda
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Baş prokuror, həmçinin, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslər və
beynəlxalq miqyaslı fəaliyyəti barədə də danışıb.
Qadınların cinayətkarlığa qarşı mübarizə və ədalət mühakiməsinin
həyata keçirilməsində mühüm rolundan bəhs edən Kamran Əliyev
bildirib ki, hazırda prokurorluq orqanlarında çalışan qadınlardan
131 nəfəri müsabiqə yolu ilə işə qəbul olunub. Onlardan 13 nəfəri
rəhbər vəzifələrdə çalışır ki, bunlardan 1 nəfər Baş Prokurorluqda
idarə rəisi, 4 nəfər idarə rəisinin müavini, 1 nəfər şöbə rəisi, 1
nəfər idarə rəisinin müavini – şöbə rəisi, 1 nəfər hərbi
prokurorluq orqanlarında şöbə rəisi, 4 nəfər rayon prokuroru, 1
nəfər isə rayon prokurorunun müavini vəzifəsini tutur.
Tədbirdə Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədr
müavini Günay Əfəndiyeva, Real TV-nin baş redaktoru Səbinə Ağayeva,
Baş Prokurorluğun Elmi-Məsləhət Şurasının və Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə
Həsənova, prokurorluğun veteranı Zöhrəbanu Kişiyeva, Qobustan rayon
prokuroru Səadət Rüstəmova və Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi Ruhanə Rəsulova çıxış
edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını
bildiriblər.
Sonda Baş prokuror tərəfindən bir qrup iştirakçıya mükafatlar
təqdim olunub və xatirə şəkli çəkdirilib.


