
Bakı. Trend:
Asiya İnkişaf Bankının prezidenti Masato Kanda bankın ölkənin ən
böyük inkişaf tərəfdaşlarından biri kimi Gürcüstana dəstəyə
sadiqliyini təsdiqləmək məqsədilə Gürcüstanın Baş naziri İrakli
Kobaxidze ilə görüşüb.
Trend bu barədə
AİB-ə istinadən xəbər verir.
Gürcüstanın 2007-ci ildə banka üzv olmasından bəri AİB ölkəyə
kreditlər, qrantlar və texniki yardım şəklində təxminən 6 milyard
dollar vəsait ayırıb. Bu məbləğin 1 milyard dollardan çoxu özəl
sektora investisiyalar vasitəsilə yönəldilib.
“AİB Gürcüstanın iqtisadi inkişafını dəstəkləməyə və ölkənin
bütün vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdırmağa sadiqdir.
Tərəfdaşlığımız möhkəmdir və daha böyük təsir əldə etmək üçün onu
genişləndirmək niyyətindəyik. Zəruri əhəmiyyətli
infrastrukturlardan başlayaraq özəl sektorda innovativ
investisiyalara qədər biz Gürcüstanın Asiya ilə Avropanı
birləşdirən regional körpüyə çevrilmək səylərini dəstəkləməyə davam
edəcəyik”, – deyə Masato Kanda bildirib.
Məlumata görə, müzakirələr zamanı nəqliyyat əlaqələrinin
gücləndirilməsi və Gürcüstanın Orta Dəhliz boyunca rolunun
artırılması məsələlərinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki,
həyata keçirilən layihələrin təsiri ölkə hüdudlarından kənara
çıxaraq bütün region üçün fayda gətirir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.


