
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs
üçün” sosial əhəmiyyətli layihəyə başlanıb.
Trend xəbər verir ki, layihə
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)
öncəsi BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə keçirilən Azərbaycan
Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub.
“İmkanlar hər kəs üçün” layihəsinə başlanması ilə əlaqədar
Mərkəzdə keçirilən tədbirdə layihənin tərəfdaşları olan dövlət və
özəl müəssisələr, beynəlxalq təşkilatların nümayəndələri, proqrama
cəlb edilmiş əlilliyi olan şəxslər, könüllü və təcrübəçi gənclər
iştirak ediblər.
Tədbirin iştirakçıları əvvəlcə təlimçi və benefisiarların əl
işlərindən ibarət ekspozisiya ilə tanış olub, Mərkəzin təlim
studiyalarında yaradıcılıq prosesini izləyiblər.
Mərkəzin direktor müavini Mətanət Məmmədova müəssisənin
fəaliyyət istiqamətləri, burada təlimlərə cəlb olunmuş həssas
qrupların yaradıcı potensialının inkişafı üçün aparılan işlər
barədə məlumat verib.
BMT Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə baş
məsləhətçisi Məleykə Tağızadə Ümumdünya Şəhərsalma Forumunun on
üçüncü sessiyasının şəhərlərin daha inklüziv və hər kəs üçün
əlçatan inkişafı mövzusunu qlobal gündəliyin əsas istiqamətlərindən
biri kimi önə çıxardığını diqqətə çatdırıb.
“İmkanlar hər kəs üçün’’ layihəsinin əlilliyi olan şəxslərin
korporativ iş mühitində real təcrübə qazanması, onların əmək
bazarına daha fəal inteqrasiyası, inklüziv iş mühitlərinin təşviqi
baxımından önəmi vurğulanıb.
Mərkəzdə yaradılmış bərabər imkanlar və sosial dəstək
mexanizmləri haqqında da məlumat verilib. Bu sahədə beynəlxalq
tərəfdaşlarla əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.
Qeyd olunub ki, martın 10-dan etibarən Mərkəzin əlilliyi olan 30
nəfərədək 15-29 yaş arası benefisiarının dövlət qurumları,
beynəlxalq və özəl təşkilatlara 3 günlük qısa təcrübə proqramı
təşkil ediləcək. Proqram vasitəsilə gənclərə real iş mühiti ilə
tanışlıq və mövcud potensiallarını nümayiş etdirmək imkanı
yaradılacaq.
Layihənin bağlanış mərasiminin WUF13-ün Bakı Şəhərsalma Həftəsi
çərçivəsində keçirilməsi nəzərdə tutulur.


