Yaxın Şərqdə deeskalasiya tədbirləri təxirəsalınmaz xarakter daşıyır – XİN

Baş səhifə

Bakı. Trend:

2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Bəhreyn Krallığının xarici işlər
naziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefon danışığı baş
tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı
zamanı Yaxın Şərq regionunda son hərbi eskalasiya, təhlükəsizlik
mühitində artan gərginlik və bunun mümkün nəticələri barədə fikir
mübadiləsi aparılıb.

Bildirilib ki, nazirlər bölgədə vəziyyətin sürətlə dəyişməsindən
ciddi narahatlıqlarını ifadə edərək, gərginliyin daha da artmasının
regional sabitlik və təhlükəsizlik üçün arzuolunmaz nəticələr
doğura biləcəyini vurğulayıblar.

Söhbət zamanı deeskalasiya tədbirlərinin təxirəsalınmaz xarakter
daşıdığı bildirilib, diplomatik kanalların açıq saxlanmasının,
dialoq və danışıqlar prosesinin təşviq edilməsinin əhəmiyyəti qeyd
olunub.

Eyni zamanda, beynəlxalq humanitar hüququn norma və
prinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturun
qorunmasının zəruriliyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional
və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.