Türkiyə İranla sərhədi bağladı

Baş səhifə

Türkiyə-İran sərhədindəki gömrük-keçid məntəqələrində sərnişin keçidləri dayandırılıb.

Modern.az “Anodolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə-İran sərhədində yerləşən Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere gömrük-keçid məntəqələrində hər hansı fövqəladə vəziyyətin olmadığını bildirib.

Nazir qeyd edib ki, hər üç məntəqə üzrə İran tərəfi ilə ticarət yüklərinin daşınması nəzarətli şəkildə davam edir, lakin sərnişin keçidləri qarşılıqlı razılaşma əsasında müvəqqəti dayandırılıb.

Ankarada yazılı açıqlama yayan Bolat Türkiyə-İran sərhədindəki gömrük-keçid məntəqələrində mövcud vəziyyətlə bağlı məlumat verib.

O bildirib ki, son dövrdə regionda baş verən və qlobal miqyasda təsirləri hiss olunan hadisələr fonunda Türkiyənin İranla sərhəddəki vəziyyəti hərtərəfli qiymətləndirilib və proseslər gömrük qurumları tərəfindən operativ şəkildə izlənilir.

“Türkiyə-İran sərhədində yerləşən Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere gömrük-keçid məntəqələrində hər hansı fövqəladə hal yoxdur. Hər üç məntəqəmiz ilə İran tərəfi arasında ticarət yüklərinin hərəkəti nəzarət altında davam edir. Bununla yanaşı, hər üç gömrük-keçid məntəqəsində sərnişin keçidləri qarşılıqlı şəkildə dayandırılıb. İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkəsinə girişinə icazə verir. Türkiyə olaraq biz də öz vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəmizə girişinə icazə veririk. Gömrük-keçid məntəqələrində hərəkət bütün aidiyyəti qurumların və İran tərəfi ilə koordinasiya çərçivəsində nəzarətli və fasiləsiz şəkildə davam etdirilir” – nazir gömrük-keçid məntəqələrindəki son vəziyyət haqqında danışarkən deyib. 

Bolat əlavə edib ki, Nazirliyin müvafiq gömrük bölmələri ilə aparılan qiymətləndirmələr əsasında zərurət yaranacağı təqdirdə əlavə tədbirlər və fəaliyyət planları yenilənib. O, həmçinin bütün dövlət qurumları arasında koordinasiyanın daha da gücləndirilməsi və sərhəddə əməliyyat imkanlarının artırılması istiqamətində hazırlıqların davam etdiyini bildirib.

Onun sözlərinə görə bütün zəruri hazırlıqlar görülüb, əlavə heyət cəlb olunub və nəzarət infrastrukturu gücləndirilib:

“Türkiyənin sərhəd keçid xidmətlərinin və ticarət axınının fasiləsiz davam etməsi üçün bütün bölmələrimiz yüksək hazırlıq vəziyyətində fəaliyyət göstərir. Nazirlik olaraq gömrük-keçid məntəqələrindəki prosesi yaxından izləməyə, təhlükəsiz, nizamlı və sürətli keçidlərin təmin edilməsi məqsədilə bütün aidiyyəti qurumlarla tam koordinasiya şəraitində zəruri tədbirləri qətiyyətlə həyata keçirməyə davam edəcəyik”.