
Bakı. Trend:
İsrail “Hizbullah” qruplaşmasının hücumlarından sonra Livanda
əməliyyatlara başladığını elan edib.
Trend “Times of
Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə
Ordusunun sözçüsü Avixay Adrai “Telegram” kanalında məlumat
verib.
“‘Hizbullah”ın raketlər buraxmasından qısa müddət sonra plana
uyğun olaraq Beyrutda, həmçinin Livanın cənubunda ilk və
genişmiqyaslı reyd dalğasına başladıq”,- deyə məlumatda qeyd
olunub.
Onun sözlərinə görə, bu çərçivədə təşkilatın rəhbərliyinə,
qərargahına və terror infrastrukturlarına zərbələr endirilib.
“Həmçinin əlavə reydlərə hazırlıq məqsədilə onların
təhlükəsizliyini təmin etmək üçün Livanın cənub sakinlərinin
təxliyəsi üzərində işləyirik”, — deyə o yazıb.
Adrainin sözlərinə görə, reydlər davam etdiriləcək və qüvvələrin
sayı artırılacaq.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.


