
Uzun illər dünya siyasətinin əsas mərkəzlərindən biri hesab edilən Avropa bu gün dərin geosiyasi böhran yaşayır. Bir vaxtlar beynəlxalq münasibətlərin qaydalarını müəyyən edən, normativ güc kimi çıxış edən Avropa İttifaqı artıq prosesləri idarə edən yox, hadisələrin arxasınca sürüklənən aktora çevrilib. Xüsusilə Ukrayna müharibəsi Avropanın real güc potensialını və strateji müstəqillik səviyyəsini açıq şəkildə ortaya qoydu.
Avropa Rusiya ilə birlikdə Ukrayna bataqlığında çabalayarkən, ABŞ və Çin prosesləri kənardan izləməyi üstün tutdu.
Ukrayna böhranı göstərdi ki, Avropa təhlükəsizlik arxitekturası baxımından ABŞ-dan tam asılı vəziyyətdədir. Avropa ölkələri illərlə NATO-nun verdiyi təhlükəsizlik zəmanətlərinə güvənərək öz müdafiə xərclərini minimuma endirib. Nəticədə hərbi-sənaye kompleksi zəifləyib, strateji planlaşdırma ikinci plana keçib. Müharibə başlayanda isə Avropa ABŞ-ın siyasi, hərbi və kəşfiyyat dəstəyi olmadan heç bir real qərar verə bilmədi.
Bu vəziyyət Avropanın “strateji muxtariyyət” anlayışının faktiki olaraq mif olduğunu sübut etdi. Avropa liderləri illərdir bu termini siyasi ritorikada istifadə etsələr də, real mexanizmlər formalaşdırılmadı. ABŞ silah verməsəydi, Avropa Ukraynanı dəstəkləyə bilməzdi. ABŞ maliyyə ayırmasaydı, Avropanın sanksiya siyasəti də effektiv olmazdı.
İran məsələsində də oxşar mənzərə müşahidə olunur. Nüvə sazişi dövründə Avropa diplomatik təşəbbüslərlə çıxış etsə də, ABŞ sazişdən çıxdıqdan sonra Avropa faktiki olaraq prosesdən kənarda qaldı. Avropa şirkətləri ABŞ sanksiyalarından qorxaraq İran bazarını tərk etdi. Bu isə Avropanın iqtisadi suverenliyinin nə qədər məhdud olduğunu göstərdi.
Qəzza böhranı Avropa daxilində ciddi parçalanmanı üzə çıxardı. Bir tərəfdən insan haqları və beynəlxalq hüquqdan danışan Avropa, digər tərəfdən İsrailə münasibətdə vahid mövqe formalaşdıra bilmədi. ABŞ-la Avropa arasında yanaşmaların fərqlənməsi Avropanın geosiyasi çəkisini daha da azaltdı. Bu böhran Avropanın normativ güc statusuna ciddi zərbə vurdu.
Afrika siyasəti isə Avropanın uğursuzluğunun daha bir nümunəsidir. Son illərdə Fransa və digər Avropa ölkələri Sahel bölgəsində nüfuzlarını sürətlə itirir. Rusiya, Çin və hətta regional aktorlar Avropanı sıxışdırır. Avropanın Afrikada nə təhlükəsizlik, nə iqtisadi, nə də ideoloji üstünlüyü qalıb.
Türkiyə də artıq bu oyunun mahiyyətini aydın şəkildə görür. Ankara Avropanın zəiflədiyini, qərarvermə qabiliyyətini itirdiyini anlayır. Məhz buna görə Türkiyə xarici siyasətində daha müstəqil və çoxşaxəli xətt yürüdür. Avropa ilə münasibətlərdə əvvəlki asılılıq modeli artıq aktuallığını itirib.
ABŞ-ın son addımları isə Avropanın gələcəyi ilə bağlı sualları daha da artırır. Donald Trampın NATO-nu lazımsız qurum kimi təqdim etməsi, alyans üzvlərinə maliyyə yükü qoyması Avropanın təhlükəsizlik sistemini sarsıdır. ABŞ-ın Qrenlandiya ilə bağlı iddiaları, Kanadaya yönəlik siyasi mesajları Vaşinqtonun yeni geosiyasi dizayn axtarışında olduğunu göstərir.
Bu kontekstdə ABŞ-ın NATO ölkələrini öz təsir dairəsində daha sərt şəkildə birləşdirmək istəyi diqqət çəkir. Avropa isə bu prosesdə subyekt deyil, obyekt rolunda çıxış edir. Avropa artıq dünya siyasətini idarə edən aktor deyil, böyük güclərin maraq toqquşduğu məkana çevrilib.
Bəs Avropa niyə bu duruma gəldi? Birinci səbəb uzunmüddətli strateji düşüncənin olmamasıdır. Avropa İttifaqı iqtisadi inteqrasiyanı siyasi və hərbi inteqrasiyadan üstün tutdu. İkinci səbəb ABŞ-a həddindən artıq güvənmək oldu. Üçüncü səbəb isə daxili parçalanmalar, populizm və liderlik böhranıdır.
Avropa həm də demoqrafik, enerji və texnoloji çağırışlara vaxtında cavab verə bilmədi. Rəqəmsal iqtisadiyyatda ABŞ və Çinlə rəqabət uduzuldu. Enerji təhlükəsizliyində Rusiyadan asılılıq strateji səhv oldu. Miqrasiya böhranı isə Avropanın sosial-siyasi balansını pozdu.
Nəticə etibarilə görünən odur ki, Avropa klassik anlamda “ölüb”. Bu ölüm fiziki yox, geosiyasi ölümdür. Avropanı öldürən konkret bir dövlət deyil. Onu öldürən yanlış strategiyalar, asılılıqlar və zamanında verilməyən qərarlardır. Avropanın ölümü yavaş, amma sistemli proses olub.
Bir sual isə açıq qalır, Avropanın yerinə hansı region çıxır? Görünən odur ki, dünya siyasətində Asiya mərkəzli yeni nizam formalaşır. Çin, Hindistan, Yaxın Şərq və qismən Türkiyə bu boşluğu doldurmağa çalışır. Qlobal güc mərkəzi Atlantikdən Sakit okeana doğru sürüşür.
Demək ki, cavab məlumdur, Avropanı kimsə öldürməyib, Avropa özü-özünü öldürüb. Dünya boşluq sevmir. Çünki boşluqları doldurmaq istəyən qüvvələr çoxdur.
Sevinc MƏHƏRRƏMOVA


