Tramp neft qiymətlərinin daha da aşağı salınacağını bəyan edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin daha da
azalmasına nail olmaq niyyətində olduğunu açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasında
Respublikaçılar fraksiyasının üzvləri qarşısında çıxışı zamanı
danışıb.

Amerika lideri bildirib ki, yaxın vaxtlarda neft şirkətlərinin
nümayəndələri ilə görüş keçirməyi planlaşdırır. “Mən neft
şirkətləri ilə görüşəcəyəm. Söhbətin nədən getdiyini bilirsiniz.
Biz daha çox neft hasil etməliyik ki, bu da qiymətlərin daha da
aşağı düşməsinə imkan verəcək”, – deyə Tramp vurğulayıb.




Onun sözlərinə görə, Vaşinqtonda hakimiyyətdə olduğu təxminən
bir il ərzində enerji daşıyıcılarının qiymətləri əhəmiyyətli
dərəcədə azalıb. Tramp televiziya kanallarında səsləndirilən
məlumatlarla razılaşmayaraq bildirib ki, qiymətlərin cəmi 3 faiz
azalması ilə bağlı deyilənlər reallığı əks etdirmir.

Prezidentin iddiasına görə, əvvəllər ABŞ-də benzinin bir qallonu
3,50–4 dollar arasında olduğu halda, hazırda bir çox
yanacaqdoldurma məntəqələrində bu göstərici 1,99 dollara enib. “Və
qiymətlər daha da aşağı düşəcək”, – deyə o əlavə edib.

Tramp həmçinin ABŞ-də dərman vasitələrinin qiymətlərinin
azaldılması məqsədilə sığorta şirkətlərinin nümayəndələri ilə də
görüş keçirmək niyyətində olduğunu bildirib.