
2025-ci ilin 11 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən ümumilikdə 21 568 inzibati qərar qəbul edilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, miqrasiya qanunvericiliyinin tələblərini pozaraq ölkə ərazisində olma və yaşama qaydalarına əməl etməyən əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkar edilərək inzibati məsuliyyətə cəlb edilir və onların ölkədə yaşamasının leqallaşdırılması, ölkəni könüllü tərk etmələri və ya inzibati qaydada kənara çıxarılmaları təmin edilir.
“Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı aşkar olunan faktlarda cinayət əməllərinə (qanunsuz miqrasiyanın təşkili, sənədlərin saxtalaşdırılması, dələduzluq, insan alveri və s.) dair əlamətlər olduqda, məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilir”, – rəsmi məlumatda deyilir.
Bundan əlavə, miqrasiya qanunvericiliyinə əsasən ölkə ərazisindən çıxarılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər ödənilməsi onların özləri tərəfindən həyata keçirilir. Bu şəxslərin çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən şəxslər, idarə, müəssisə və təşkilatlar, qəbul edən tərəf olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.


