
ABŞ prezidenti Donald Trump Venesuela prezidenti Nikolas Maduronun saxlanıldığını elan edib.
Vaşinqtondan verilən məlumata görə, Maduro ABŞ-a aparılıb və orada mühakimə olunacaq. ABŞ rəsmiləri bu prosesi narkotik ticarəti və korrupsiya ilə bağlı ittihamlarla əsaslandırırlar.
Hadisəyə ilk reaksiyalardan biri ABŞ vitse-prezidenti Cey Di Vensdən gəlib. O, sosial şəbəkə paylaşımında baş verənləri “həqiqətən təsiredici əməliyyat” adlandıraraq bildirib ki, Tramp Madurona narkotik ticarətini dayandırmaq və Vaşinqtonun “oğurlanmış” hesab etdiyi nefti geri qaytarmaq üçün dəfələrlə imkan verib.
Vens əlavə edib ki, “Maduro indi Trampın dediyini həyata keçirdiyini anlayan ən sonuncu şəxsdir” və “Karakasda sarayda yaşamaq ABŞ-da narkotik cinayətlərinə görə məsuliyyətdən yayınmağa imkan vermir”.
Latın Amerikasında isə reaksiyalar daha sərtdir. Braziliya prezidenti Lula da Silva ABŞ-ın addımını “qəbuledilməz xəttin aşılması” kimi qiymətləndirib. O bildirib ki, bu hadisə Latın Amerikası və Karib hövzəsi ölkələrinin siyasətinə müdaxilənin ən qaranlıq dövrlərini xatırladır və region üçün təhlükəli presedent yaradır. Kolumbiya da hadisəyə sərt reaksiya verib.
Modern.az-ın məlumatına görə, Maduronun həbsi fonunda tez-tez xatırlanan tarixi paralel 1989-cu ildə ABŞ-ın Panamaya hərbi müdaxiləsidir.
Həmin vaxt ABŞ ordusu ölkənin faktiki lideri Manuel Norieqanu saxlayaraq ABŞ-a aparmış və o, orada narkotik ticarəti ittihamı ilə mühakimə olunmuşdu. Bu müdaxilə Latın Amerikasında suverenliyin pozulması kimi qiymətləndirilmiş və uzun illər ABŞ-a qarşı etimadsızlığın əsas səbəblərindən biri olmuşdu.
Analitiklər hesab edirlər ki, Maduronun ABŞ-da mühakimə olunması Panama presedentinin illər sonra yenidən gündəmə gəlməsi deməkdir. Bu addım ABŞ-ın regionda təsir iddialarını formalaşdıran və XIX əsrdə Ceyms Monro tərəfindən irəli sürülmüş yanaşmaları xatırladır. Bir çox Latın Amerikası ölkəsi üçün isə bu, bir daha göstərir ki, birbaşa hərbi və siyasi müdaxilə qorxusu hələ də regionun kollektiv yaddaşında canlıdır.


