
Bakı. Trend:
“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili
işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi
orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların
ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət
vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin
Qərarında dəyişiklik edilib.
Trend-in
məlumatına görə, Baş nazir Əli Əsədovun bununla bağlı müvafiq
Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Qərara əsasən, həqiqi hərbi xidmətdə (qulluqda) olmanın son yaş
həddinə çatmasına, xəstəliyinə və ya ştatların ixtisarına görə
hərbi xidmətdən buraxılan hərbi qulluqçulara (hərbi rütbələrdən
məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları istisna olmaqla) və ədliyyə orqanlarının rəis və
sıravi heyətinə mənsub şəxslərə beş aylıq vəzifə və rütbə maaşı
həcmində işdənçıxarma müavinəti ödəniləcək.
Məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla,
hərbi xidmətdən başqa əsaslara görə buraxılmış hərbi qulluqçulara
və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə iki
aylıq vəzifə və rütbə maaşı həcmində işdənçıxarma müavinəti
ödəniləcək.
Pensiya hüququ olmadan xidmətdən buraxılan, təqvimi xidmət
müddəti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçularına və ədliyyə orqanlarının
kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə bir aylıq vəzifə və
rütbə maaşının 50 faizi həcmində, təqvimi dörd il və daha artıq
xidmət edənlərə dörd il xidmətə görə bir aylıq vəzifə və rütbə
maaşı və dörd ildən artıq xidmətin hər tam təqvim ili üçün əlavə
olaraq bir aylıq vəzifə və rütbə maaşının 20 faizi həcmində, lakin
ümumi məbləği iki aylıq vəzifə və rütbə maaşından çox olmamaqla
işdənçıxarma müavinəti ödəniləcək.
Həmçinin, işdənçıxarma müavinəti hərbi qulluqçulara və ədliyyə
orqanlarının orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə
axırıncı vəzifəsi, hərbi və ya xüsusi rütbə üzrə maaşlardan,
ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə
axırıncı vəzifəsi üzrə verilən maaşdan hesablanacaq.
Gizirlərin, miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçularının, ədliyyə orqanlarının kiçik rəis və sıravi
heyətinə mənsub şəxslərin xidmət müddətində fasilələr olduğu halda,
onlara işdənçıxarma müavinəti yalnız sonuncu xidmət müddəti nəzərə
alınmaqla veriləcək.
Bununla yanaşı, pensiya hüququ olmadan həqiqi hərbi xidmətdə və
ya ehtiyatda olmanın son yaş həddinə çatmasına, xəstəliyinə və ya
ştat ixtisarına görə həqiqi hərbi xidmətdən buraxılan hərbi
qulluqçulara işdənçıxarma müavinətinin hərbi rütbə üzrə verilməsi
hərbi xidmətdən buraxıldığı gündən etibarən bir il ərzində davam
edəcək.
Hərbi və xüsusi rütbə nəzərdə tutulmayan digər dövlət
orqanlarında (qurumlarında), müəssisə və təşkilatlarda işləyən, iş
yeri və orta aylıq əməkhaqqı saxlanılan səfərbərlik üzrə hərbi
xidmətə (toplanışa) çağırılmış hərbi qulluqçulara və ədliyyə
orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə, habelə
müddətli həqiqi hərbi xidmətdən birbaşa zabit hərbi rütbəsi
verilməklə buraxılmış şəxslərə işdənçıxarma müavinəti
verilməyəcək.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin sözügedən
Qərarının bundan əvvəl qüvvədə olan variantında daxili
işlər və ədliyyə orqanları bərabər tutulurdu. Belə ki,
yuxarıdakı bəndlərdə ədliyyə orqanlarına aid edilənlər
daxili işlər orqanlarına da şamil olunurdu. Lakin
yeni Qərarla “daxili işlər” sözü yuxarıdakı
maddələrdən çıxarılıb.


