
Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək xatırladır
ki, ağır yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz ötmə
və manevretmə qaydalarının pozulması nəticəsində baş verir.
Trend xəbər
verir ki, bu barədə BDYPİ-nin sürücülərə çağırışında qeyd
olunub.
“Qarşı zolağa düşünülməmiş çıxış, yolun görünüş məsafəsinin
düzgün qiymətləndirilməməsi, sürət və özünə həddindən artıq güvən
bir anın içində geri dönüşü olmayan faciəyə çevrilə bilər. Bu
riskli qərar yalnız sürücünü deyil, yoldakı günahsız insanları da
təhlükə altına qoyur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edir:
• Ötməni yalnız icazə verilən və təhlükəsiz hallarda edin;
• Tələskənliyə deyil, məsuliyyətə üstünlük verin;
• Unutmayın: bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa
dəyməz.
Qaydalara əməl edin – həyatınızı və başqalarının həyatını
qoruyun”.


