AzMİU rektoru “Şəhərsalma və Memarlıq İli” açıqlama verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq
İli” elan edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevin
imzaladığı Sərəncam müasir dövürdə memarlığın və şəhərsalmanın
ölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişli
mühitin formalaşmasında oynadığı əhəmiyyətli rolun
göstəricisidir.

Bu mühüm qərar bir daha təsdiqləyir ki, şəhərsalma və memarlıq
Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasında,
milli kimliyin qorunmasında və dayanıqlı gələcəyin
formalaşdırılmasında prioritet sahələrdən biridir. Dövlət
başçısının rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən
genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma layihələri, xüsusilə
azad edilmiş ərazilərdə tətbiq olunan innovativ və “yaşıl”
şəhərsalma yanaşmaları bu sahəyə verilən strateji əhəmiyyətin bariz
nümunəsidir.

Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində
ölkəmizdə keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF) ilə əlaqədar
Azərbaycan Memarlıq və İnşaat Universitetində bir sıra mühüm
təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur. Bu çərçivədə
AzMİU-nun Memarlıq fakültəsinin buraxılış işlərindən ibarət tematik
sərgilərin təşkili, şəhərsalma problemlərinə və memarlıq təhsilinin
aktual çağırışlarına həsr olunmuş panel müzakirələri və dəyirmi
masaların keçirilməsi planlaşdırılır. WUF Gənclər Forumunun
iştirakçıları üçün universitet kampusunda beynəlxalq
tərəfdaşlarımızın və xarici ekspertlərin iştirakı ilə
master-klasslar, vorkşoplar və interaktiv müzakirələr təşkil
ediləcək, WUF13-də iştirak edən nüfuzlu xarici mütəxəssislərin
tələbələrimiz üçün ustad dərsləri və açıq mühazirələri
keçiriləcəkdir. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi ilə
birgə ardıcıl iki ildir həyata keçirilən “ArchiVision Weekend Camp”
layihəsinin növbəti buraxılışı da WUF13-ün ideyalarının təbliğinə,
gənc memar və şəhərsalmaçıların peşəkar bacarıqlarının inkişafına
həsr olunacaqdır.




2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması memarlıq
və şəhərsalma praktikası ilə yanaşı bu sahələr üzrə ali təhsil və
elmi-tədqiqat fəaliyyətinin inkişafına da mühüm töhfə verəcək. Bu
qərar memarlıq, şəhərsalma və inşaat mühəndisliyi ixtisasları üzrə
müasir çağırışlara cavab verən kadr hazırlığının gücləndirilməsinə,
təhsilin məzmunun yenilənməsinə, elmin, təhsilin və istehsalatın
daha sıx inteqrasiyasına yeni imkanlar açır.

AzMİU ölkədə memarlıq, şəhərsalma və inşaat sahələri üzrə
ixtisaslı kadr hazırlığının aparıcı mərkəzi kimi dövlətin müəyyən
etdiyi prioritetlərə uyğun şəkildə tədris, elmi araşdırma və
innovasiya fəaliyyətini təkmilləşdirməyə hazırdır. “Şəhərsalma və
Memarlıq İli” çərçivəsində universitetimizdə beynəlxalq səviyyəli
elmi görüşlərin, yaradıcılıq müsabiqələrinin və maarifləndirici
tədbirlərin sayını daha da artırmağı planlaşdırırıq. Əminik ki, bu
əlamətdar il Azərbaycan şəhərlərinin tarixi irsinin qorunması ilə
yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər mühitinin
formalaşdırılmasına, eyni zamanda yeni nəsil memar və mühəndislərin
peşəkar inkişafına güclü təkan verəcək.