
Biz fondlarla, dövlət qurumları ilə əməkdaşlıq edirik ki, yerli turizmin inkişafına dəstək verək.
Metbuat.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud İdarənin 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Yerli turistlər çoxluq təşkil edir:
“Bu bizi sevindirir, çünki İçərişəhər hamımız üçün doğmadır. Muzeylər haqqında inkişaf strategiyamız var. Bizim yeni turlarımız təşkil ediləcək. Nəzərdə tuturuq ki, daha çox yerli turist cəlb edilsin. Qastronomiya turizmi də inkişaf etdirilir. Xidmət göstərən şəxslərin inkişafı və dil bacarıqlarının təkmilləşdirilməsi barədə də layihələr var. Bir sözlə, istəyirik ki, bu sektorda göstərdiyimiz bütün xidmətlər həm yerli, həm də xarici turistlərin ürəyincə olsun.
Hal-hazırda 3500 adam İçərişəhərdə yaşayır.
Dünyada bir çox şəhərlər var, orada insanlar yaşamır. Amma mən istəmirəm ki, insansız şəhərlər olsun. Bu kimi məsələlər həm beynəlxalq səviyyədə qaldırılır. Amma İçərişəhər “Living city” formasında saxlanılsın. İçərişəhəri yaşadan budur.
Bu il İçərişəhərdə qəzalı vəziyyətdə olan ərazilərin yenilənməsinə başlanılıb. Qala Divarları ərazisi bir neçə ildir hissə-hissə bərpa edilir. Qoşa Qala istiqamətində olan restavrasiya işləri hökumətin qərarından asılıdır. Əgər bu il müəyyən investisiya ayrılarsa, biz işlərə yenidən başlayacağıq”


