
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkənin kosmosda üstünlüyünü təmin
etmək məqsədilə müvafiq fərman imzalayıb.
Trend xəbər verir
ki, sənəd Ağ Ev tərəfindən yayımlanıb.
Fərmanda amerikalıların 2028-ci ilə qədər Aya qayıtmasının və
2030-cu ilədək orada daimi bazanın yaradılmasının vacibliyi
vurğulanır. Sənəddə, həmçinin 2028-ci ilə qədər ABŞ kosmik
sektoruna 50 milyard dollar investisiyanın cəlb edilməsi və 2030-cu
ilədək Beynəlxalq Kosmik Stansiyanı əvəz edəcək yeni platformanın
yaradılması hədəfi müəyyən olunub.
Prioritetlər sırasında Ay səthində yerləşdirilməsi nəzərdə
tutulan nüvə reaktorunun hazırlanması da yer alır. Qeyd olunur ki,
bu texnologiyalar 2030-cu ilə qədər istifadəyə hazır vəziyyətə
gətirilməlidir.
Bununla yanaşı, fərmanda müdafiə proqramları çərçivəsində yeni
nəsil raketlərin yaradılması məqsədilə 2028-ci ilə qədər
prototiplərin hazırlanması və sınaqdan keçirilməsi planı da əksini
tapıb.


