Sabunçu bazarında nöqsanlar aşkarlandı

Baş səhifə

Bakı. trend:

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı
şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən
Sabunçu bazarında və bazarətrafı qida obyektlərində reyd
keçirilib.

Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı bazarda açıq şəraitdə, soyuducudan
kənar, temperatur rejiminə əməl olunmadan və baytarlıq
ekspertizasından keçirilməmiş süd və süd məhsullarının, eləcə də ev
üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif
növ turşuların satışa çıxarıldığı məlum olub. Eyni zamanda bazarın
daxilində qanunsuz fəaliyyət göstərən diri quşların satışı və
kəsimi sahəsi aşkarlanıb. Burada baytarlıq-sanitariya və
sanitariya-gigiyena tələblərinin pozulduğu, kəsim və satışın
antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata
keçirildiyi müəyyən edilib.




Bundan başqa, aparılan reyd zamanı bazar ətrafında fəaliyyət
göstərən “Kəngərli-203 Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus ət
satışı mağazasında qanunsuz olaraq heyvan kəsimi üçün dəmir
konstruksiyaların quraşdırıldığı, iri və xırdabuynuzlu heyvanların
satışı və kəsiminin baytarlıq ekspertizası aparılmadan həyata
keçirildiyi müəyyən edilib. Nöqsanlarla bağlı qanunsuz
quraşdırılmış dəmir konstruksiyalar yerli icra hakimiyyətinin
nümayəndələri tərəfindən sökülüb, kəsimin həyata keçirildiyi
obyektin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati
protokol tərtib olunub.

Reyd zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün
sahibkarlara icrası məcburi göstərişlər verilib, məsələ nəzarətdə
saxlanılır.