
Bakı. Trend:
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan
Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin
Rəşid Əl Maktum “İslam dünyasında süni intellekt indeksinin tərtib
olunması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya
gəlir.
Trend xəbər
verir ki, tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin
təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə dekabrın 8-9-da
Heydər Əliyev Mərkəzində keçiriləcək.
Süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi
üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi
də məhz ilk dəfə Bakı konfransında təqdim olunacaq.
Konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə
əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və
iqtisadi təsirlərini müzakirə etməkdir.
Tədbirdə ICESCO-ya üzv 10 ölkənin təhsil nazirləri, beynəlxalq
ekspertlər, dövlət qurumlarının nümayəndələri və ümumilikdə 150-yə
yaxın iştirakçı təmsil olunacaq. Konfrans çərçivəsində təhsil
sistemində süni intellektin roluna həsr olunmuş müzakirələr
aparılacaq və “ICESCO-ya üzv ölkələr arasında süni intellekt
indeksinin tərtib olunması”na dair yekun bəyannamə qəbul
ediləcək.


