“Mastercard” Azərbaycanda maliyyə sektorundan kənar qurumlarla da kibertəhlükəsizlik əməkdaşlığını gücləndirməyi planlaşdırır (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Kibertəhlükəsizlik sahəsində dünya trendlərini izləmək vacibdir.
Çünki Azərbaycana yönələn hücumların çox böyük bir hissəsi xaricdən
gəlir. Bu səbəbdən qlobal trendləri izləmək, prioritetlərimizin ən
önəmli başlıqlarından biridir.

Bunu Trend-ə bu
gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumu çərçivəsində “Mastercard”ın vitse-prezidenti Reşat Kökçən müsahibəsində
deyib.

O bildirib ki, “Mastercard” kibertəhlükəsizlik istiqamətində
ciddi addımlar atır: “Bir tərəfdən qlobal ödəniş şəbəkəsini idarə
etdiyimiz üçün, digər tərəfdən isə yeni əldə etdiyimiz “Mirror
Record Feature” vasitəsilə ciddi bir təhlükəyə qarşı kəşfiyyat
şəbəkəsinə malikik. Biz bu kəşfiyyat şəbəkəsini Azərbaycanda ən
effektiv şəkildə istifadə etməyi planlaşdırırıq. Birinci
prioritetimiz bu istiqamətdədir”.

Reşat Kökçən vurğulayıb ki, Azərbaycanda yalnız banklarla deyil,
bank xaricində fəaliyyət göstərən digər qurumlarla da əməkdaşlıq
qurmaq istəyirlər: “Hökumət orqanları, Mərkəzi Bank,
telekommunikasiya operatorları və neft-qaz sektoru kimi kritik
infrastruktur qurumları bu əməkdaşlıq üçün potensial
tərəfdaşlarımız ola bilərlər.




Bu yanaşma ilə “Mastercard”ı yalnız maliyyə ekosistemi
təhlükəsizliyi kontekstində deyil, həm də maliyyə ekosistemindən
kənar bir oyunçu kimi qiymətləndirmək olar”.

“Mastercard” rəsmisi eyni zamanda bildirib ki, onlar
Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli komandalar
formalaşdırmaq və investisiyaları artırmaq niyyətindədirlər: “Azərbaycana məhsul investisiyalarımız və insan resursları
planlamamız da artır. Ümid edirik ki, burada fəaliyyət göstərən,
kibertəhlükəsizlik sahəsində bilikli yerli komandadan ibarət bir
qrup formalaşdıracağıq. Bu da “Mastercard”ın “know-how”unu bazarda
tətbiq etmək və yaymaq baxımından önəmli addım olacaq”.

“Kibertəhlükəsizlik istiqamətində deyə bilərəm ki, qlobal
istifadəçilərimizə, ABŞ-də təqdim etdiyimiz məhsulları Azərbaycana
gətirmək və tətbiq etmək bizim məsuliyyətimizdir və biz bunun
üzərində çalışırıq”, – deyə R. Kökçən fikrini yekunlaşdırıb.