Yalnız əmək müqaviləsini deyil, digər sənədləri də e-qaydada imzalamaq olar – Nazirlik

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və
Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq yaradılıb.

Trend
xəbər verir ki, bu barədə Nazirliik məlumat yayıb.

Bildirilib ki, artıq işəgötürənlər əmək münasibətləri
çərçivəsində yalnız əmək müqaviləsini deyil, həmçinin digər hüquqi
sənədləri də sistem üzərindən rəqəmsal qaydada imzalaya
biləcəklər.




Bu yenilik Əmək Məcəlləsinin 200-cü maddəsinə əsaslanır. Həmin
maddəyə görə işəgötürən iş prosesində ona etibar edilən əmlak və
digər maddi sərvətlərlə bağlı məsuliyyət daşıyan, bu sərvətlərin
saxlanması, emalı, satışı, daşınması və istifadəsi kimi
əməliyyatlarda iştirak edən 18 yaşına çatmış işçilərlə tam maddi
məsuliyyət haqqında yazılı müqavilə bağlaya bilər.

Yeni funksionallıq sayəsində bu kimi sənədlərin (tam maddi
məsuliyyət müqaviləsinin, informasiya texnologiyaları üzrə
təhlükəsizlik müqaviləsinin, öhdəlik müqaviləsinin və digər əlavə
sənədlərin) elektron imzalanması mümkündür.

Bu dəyişiklik işəgötürən və işçi arasında sənəd dövriyyəsini
asanlaşdırmaqla yanaşı, əmək münasibətlərində rəqəmsallaşmanın daha
da genişlənməsinə, şəffaflıq və hüquqi məsuliyyətin təmin
olunmasına xidmət edir.