Bakı. Trend:
Bakı Cənubi Qafqazın geosiyasətində müşahidəçi qalmaqla
kifayətlənmir, onun memarı olmaq niyyətindədir. İnfrastruktur
baxışı, iqtisadi ambisiyaları və strateji diplomatiyası ilə
Azərbaycan regional inteqrasiya və sabitliyin yeni dövrünə rəvac
verməyə çalışır.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və
baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham
ölkəsinin populyar “Israel National News” nəşrində dərc olunmuş
“Trampın vasitəçiliyi ilə daha bir razılaşma: Cənubi Qafqazda yeni
nizamın yaradılması” başlıqlı məqaləsində yazıb.
Azərbaycanın Cənubi Qafqazda yeni dövrü formalaşdırdığı ərəfədə
axtardığı imkanlar, üzləşdiyi risklər və gələcək perspektivlərə aid
məqalədə qeyd olunub ki, ölkəmizlə Ermənistan arasındakı razılaşma
qarşıdurmadan regional inteqrasiyaya keçidə gətirib çıxara bilər.
Bəzi problemlər həllini gözləsə də, Qəzzadan fərqli olaraq burada
barışmaz dini radikalizm yoxdur. Əvəzində Bakıda sülhə can atan
hakimiyyət var.
Məqalədə Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi fonunda
Azərbaycanın yeni regional nizam üçün irəli sürdüyü məsələlərin,
Ermənistan ilə 2025-ci il çərçivə sazişinin, ABŞ ilə artan
əlaqələrin və infrastruktur layihələrinin ölkəmizin sadəcə
uyğunlaşmaq deyil, liderlik strategiyasına işarə etdiyi diqqətə
çatdırılıb. Bildirilib ki, bu yaxınlarda ABŞ ilə imzalanmış
Strateji İşçi Qrupuna dair memorandumun infrastruktur, rəqəmsal
innovasiya və ticarət kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək
məqsədi daşıyır. Belə ki, yeni dəhlizlərin açılması ilə ticarətin,
tranzit haqlarının və logistik xidmətlərdən gələn gəlirlərin
artmasını gözləyən Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında
inteqrasiya və dinc əməkdaşlığı təşviq edən vasitəçi rolunu öz
üzərinə götürür.
Yazıda Azərbaycanın çoxvektorlu xarici siyasətinin – Rusiya ilə
qarşılıqlı konstruktiv əlaqələri saxlamaqla ABŞ, Çin və İsraillə
əməkdaşlığı gücləndirməsi onun regional məsələlərdə layiqli söz
sahibi olmaq istəyini əks etdirdiyi vurğulanıb. Ölkəmizin regional
dəhlizlərə inteqrasiya etmək üçün dəmir yolu, avtomobil və enerji
şəbəkələrini genişləndirdiyinə diqqət çəkilib. TRIPP/Zəngəzur
dəhlizinin köhnə maneələrdən yan keçərək, şərqlə qərb, şimalla
cənub, eləcə də Azərbaycan və Naxçıvan arasında birbaşa qüsursuz
əlaqənin təminini vəd etdiyi bildirilib.
Sonda israilli politoloq enerji resurslarından, tranzit
potensialından və əlverişli investisiya mühitindən faydalanmaqla
regional iqtisadi mərkəzə çevrilən Azərbaycanın bu prosesdə meydana
çıxa biləcək çağırışların öhdəsindən uğurla gələcəyinə və nəticədə
Cənubi Qafqazın həqiqətən də yeni bir mərhələyə – əməkdaşlıq və
ortaq rifah dövrünə qədəm qoyacağına əminliyini ifadə edib.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://www.israelnationalnews.com/news/416083

