
Bakı. Trend:
Yunanıstan polisi qanunsuz miqrantlar üçün sifariş əsasında
saxta pasportlar, şəxsiyyət vəsiqələri, yaşayış icazələri,
konsulluq vizaları və sürücülük vəsiqələri hazırlamaqla 500 min
avrodan çox gəlir əldə edən cinayətkar qrupu zərərsizləşdirib.
Bu barədə “Naftemporiki” qəzeti məlumat yayıb.
Cinayətkar qrupun ən müasir avadanlıqlarla təchiz edilmiş, saxta
sənədlərin hazırlanması üzrə tam təchizatlı laboratoriyası olub.
Təşkilat ən azı 2022-ci ildən fəaliyyət göstərib və əsasən
əcnəbilər, xüsusilə İran və Türkiyə vətəndaşları üçün saxta
sənədlərin hazırlanması ilə məşğul olub. Polisin qiymətləndirməsinə
görə, qrupun əldə etdiyi gəlir 500 min avronu ötüb.
Avropa İttifaqının Polis Xidməti (Europol) ilə əməkdaşlıq
çərçivəsində aparılan bir neçə aylıq istintaqdan sonra noyabrın
19-da Afinanın Nea-Smirni və Aqios-Panteleymonas rayonlarında polis
əməliyyatı keçirilib. Əməliyyat nəticəsində qruplaşmanın üç üzvü –
45 və 27 yaşlı iki İran vətəndaşı, həmçinin 50 yaşlı Bolqarıstan
vətəndaşı saxlanılıb.
İş üzrə Afinanın mərkəzində mobil telefon mağazasının sahibi
olan İran vətəndaşı qadın da şübhəli şəxs qismində keçir. Polisin
məlumatına görə, həmin mağazadan qruplaşma üzvlərinin qanunsuz
fəaliyyətləri üçün istifadə olunub.

