
Bakı. Trend:
İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin
növbəti iclası keçirilib, partiyanın bir neçə rayon təşkilatının
sədri dəyişib
Bu barədə Yeni Azərbaycan Partiyasından məlumat verilib.
Bildirilib ki, iclasda YAP Sədərək rayon təşkilatının sədri Arif
Mikayıl oğlu Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Təmo
oğlu Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəli
oğlu Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd
Müslüm oğlu Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David
Nurəddin oğlu İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar
tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq
qərarlar qəbul olunub.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan
həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını
vurğulayaraq bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin
gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği
yolunda bilik, bacarıq və səylərini əsirgəməyəcəklərinə, həmçinin
öz təcrübələri ilə rayon təşkilatlarının işinə yaxından dəstək
verəcəklərinə əminliyini ifadə edib, onlara xatirə hədiyyələrini
təqdim edib.
Daha sonra İlqar Süleyman oğlu İlyasovun partiyanın Qaradağ,
Vüsalə Abazər qızı Əliyevanın Sədərək, Nicat Zaur oğlu Ələkbərovun
Şahbuz, Zamir Sadəddin oğlu Güvəndiyevin Şəmkir, Emil Nəcəf oğlu
Tağıyevin Xaçmaz və Kamran Miran oğlu Əmirovun Qusar rayon
təşkilatına sədr təyin edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Hikmət
Məmmədov və Azər Badamov çıxış edərək namizədliyi irəli sürülən
şəxslərin bu vəzifəyə layiq olduqlarını bildirib və onlara
fəaliyyətlərində uğurlar arzulayıblar.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.
Yeni təyin olunmuş şəxslər göstərilən etimada görə partiyanın
Sədri, Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə edərək öz
üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün
çalışacaqlarını bildiriblər.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və
müvafiq qərarlar qəbul olunub.

